Misirdə azərbaycanlı alimin məqaləsi dərc olunub

25.09.2020

Qahirə Universitetinin təşkil etdiyi "Şərq dilləri arasında qarşılıqlı tədqiqatlar" adlı beynəlxalq elmi konfransa təqdim olunmuş məqalələr kitab şəklində çap olunub.

Dünyanın müxtəlif ölkələrinin professorlarının təqdim etdiyi məqalələr toplusunda azərbaycanlı tədqiqatçı alim, Misirdəki Azərbaycan diasporunun sədri Seymur Nəsirovun "Ərəb dilinin yayılmasında Azərbaycan tövhələri" sərlövhəli məqaləsi də yer alıb.

Məqalədə ərəb dilinin inkişafında əvəzsiz xidmətlər göstərən azərbaycanlı alimlərdən bəhs edilib. Ərəblərin azərbaycanlılar haqqında söylədikləri fikirləri yada salan müəllif görkəmli alim Əbu Tahir əl-Siləfi və dahi şair əl-Buhturinin Azərbaycanı mədh edən şeirlərinə diqqəti cəlb edib.

Əsərlərini ərəb dilində qələmə almış yüzlərlə azərbaycanlı alim və ədəbiyyatşünasların olduğunu vurğulayan S.Nəsirov orta əsrlərdə yaşamış azərbaycanlı şair Saib bin Fərrux haqqında daha ətraflı məlumat təqdim edb.

Məqalədə dövlətlərimiz arasında tarixi və mədəni əlaqələr, soydaşlarımızın Misirin inkişafında göstərdikləri əvəzsiz xidmətlər, VII əsrdə ərəblərin Azərbaycana ilk gəlişi, Misir və Şam qəbilələrinin ölkəmizə köçü kimi faktlara toxunulub. Dillərimiz arasında bağlılıqlar və Azərbaycan dilində çoxsaylı ərəb mənşəli sözlərin olduğu nəzərə çatdırılıb.