Dahi bəstəkar Üzeyir Hacıbəyliyə və Milli Musiqi Gününə həsr olunmuş videokonfrans təşkil edilib

21.09.2020

Sentyabrın 18-də “Azərbaycan Diaspor Qadınları Şəbəkəsi” layihəsi çərçivəsində Uzeyir Hacıbəylinin anadan olmasının 135-ci ildönümü və Milli Musiqi Günü münasibətilə "Azərbaycan musiqisinin tacı - Üzeyir Hacıbəyli" mövzusunda videokonfrans keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin, "Beynəlxalq Azərbaycan Xanımları Klubu", İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyi və Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının təşəbbüsü və təşkilati dəstəyilə baş tutan virtual tədbirə xarici ölkələrdə və Azərbaycanda yaşayan 100-ə yaxın qonaq qatılıb.

Videokonfransda Dövlət Komitəsinin əməkdaşı Lalə İsgəndərova, "Beynəlxalq Azərbaycan Xanımları Klubu"nun rəhbəri Kəmalə Ceylinova, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Gəncə regional nümayəndəliyinin rəhbəri Nərgiz Əhmədqızı və Omanın Sultan Qabus Universitetinin musiqi şöbəsinin qanun müəlliməsi Şəbnəm Şixəliyeva giriş sözü ilə qonaqları salamlayıblar.

Tədbirdə Sultan Qabus Universitetində fortepiano müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüsalə Yusif Üzeyir Hacıbəyli haqqında hazırladığı təqdimat - arxiv şəkilləri və bəstəkar haqqında tarixi faktları ilə iştirakçıların böyük marağına səbəb olub. Videokonfrans boyu Vusalə xanım və tədbirin moderatorluğunu icra edən Sultan Qabus Universitetinin qanun (musiqi aləti) müəlliməsi Şəbnəm Şıxəliyevanın ifalarında Üzeyir bəy yaradıcılığından ecazkar musiqi nömrələri, eləcə də “Jafarlinsky Band” qrupunun müşayiətilə Nurlan Cəfərli tarda musiqi kompozisiyalarını ifa ediblər.

Tədbirin sonunda Azərbaycan-Amerika Musiqi Fondunun təsisçisi və icraçı direktoru, Azərbaycanda musiqi ifaçılığı sənəti üzrə fəlsəfə doktoru adını qazanmış Cəmilə Cavadova-Spitzberq Niderland, İtaliya, ABŞ, İsveç, Finlandiya, Cənubi Afrika, Cənubi Koreya və Fransanın orqan ifaçılarının birlikdə Azərbaycanın Dövlət himnini səsləndirdiyi videonu nümayiş etdirib.

Videokonfrans https://www.facebook.com/ChamomileWomen ünvanı üzərindən canlı yayımlanıb.