“Azərbaycan Diaspor Qadınları Şəbəkəsi” layihəsi çərçivəsində videokonfranslar keçirilib

17.08.2020

“Azərbaycan Diaspor Qadınları Şəbəkəsi” layihəsi çərçivəsində “Diaspor fəaliyyətində qadınların, anaların rolu” və “Sahibkarlıq – qadınların səlahiyyətlərinin artırılmasında bir vasitə kimi” mövzularında videokonfranslar keçirilib.

Virtual tədbirlərdə Azərbaycan diasporunun qadın üzvlərinin bir qismi və Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.

Nigeriyada Azərbaycanın Dostları Təşkilatının rəhbəri Billurə Bayramovanın moderatorluğu ilə keçirilən “Diaspor fəaliyyətində qadınların, anaların rolu” adlı tədbirdə Azərbaycan–Amerika Qadın Cəmiyyətinin, Azərbaycan Evinin təsisçisi və rəhbəri Münəvvər Vahabova, Fransanın Strasburq şəhərində fəaliyyət göstərən vəkil Mehriban Ovçuyevanın moderatorluğu ilə keçirilən videokonfransda isə ABŞ-da fəaliyyət göstərən vəkil Coys Uilyams (Joyce Williams) məruzəçi qismində çıxış ediblər.

M.Vahabova diaspor fəaliyyətində qadınların rolunu yüksək qiymətləndirib və onların bu sahədə böyük nailiyyətlər qazandığını diqqətə çatdırıb. Qeyd edib ki, tarixən Azərbaycan qadını elm, təhsil və digər sahələrdə uğurlu inkişaf yolu keçib. “Diaspor sahəsindəki qadınlarımız çox fədakar və fəaldırlar. Milli-mənəvi dəyərlərimizin təbliğində və Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətlərə çatdırılmasında qadınlarımızın rolu danılmazdır”, - deyə o, vurğulayıb.

C.Uilyams isə qadın sahibkarlığının inkişaf etdirilməsi, qadın sahibkarların sosial-iqtisadi sahələrdə artan rolu, həmçinin ABŞ-da sahibkarlıqla məşğul olan afrikalı qadınların diaspor fəaliyyəti, ölkəsinin təbliği istiqamətində rolu haqqında ətraflı məlumat verib.

Videokonfranslar tədbir iştirakçılarının çoxsaylı suallarının cavablandırılması, rəy və təkliflərin səsləndirilməsi ilə yekunlaşıb.

Xatırladaq ki, “Azərbaycan Diaspor Qadınları Şəbəkəsi” layihəsi 2020-ci ilin iyun ayında Dövlət Komitəsinin təşəbbüsü ilə həyata keçirilməyə başlayıb. Şəbəkə Azərbaycan diasporunda təmsil olunan, müxtəlif sahələrdə fəaliyyət göstərən və fərqli yaş qruplarına daxil olan azərbaycanlı qadınların bir araya gətirilməsi məqsədilə yaradılıb.