Türkiyənin Antalya vilayətində yaşayan soydaşlarımıza yardım edilib

24.07.2020

İyulun 23-də Türkiyənin Antalya vilayətində koronavirus pandemiyası ilə əlaqədar müvəqqəti çətinliklə qarşılaşmış aztəminatlı ailələrə yardım məqsədilə xeyriyyə aksiyası keçirilib.

Tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin maddi dəstəyi və Antalyada fəaliyyət göstərən "Azərbaycan Xalqlar Dostluğu" Dərnəyinin təşəbbüsü ilə baş tutub. Aksiya çərçivəsində dərnəyə müraciət edən 42 soydaşımıza maddi və ərzaq yardımı göstərilib. Yardımlar ailə üzvlərinin sayına görə müəyyən edilib.

Aksiya zamanı dərnəyin idarə heyətinin sədri Lalə Həsənova bildirib ki, pandemiya dönəmində təşkilata mütəmadi müraciət edən həmvətənlərimizə bir müddət öz imkanları çərçivəsində yardım göstəriblər. Amma bu müddət uzandığından dərnək Azərbaycan dövlətinin səlahiyyətli qurumu olan Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət edib. Onun sözlərinə görə, Diasporla İş üzrə Dövlət Komitəsi dərhal müraciəti dəyərləndirib və həmvətənlərimizə maliyyə dəstəyinin göstərilməsi üçün vəsait ayrılıb.

Soydaşlarımız bu çətin dönəmdə onları yalnız buraxmayan Azərbaycan dövlətinə minnətdarlıqlarını ifadə ediblər.