Tələbələrimiz ön cəbhədə döyüşə hazır olduqlarını bəyan ediblər

21.07.2020

Türkiyənin Osmaniye Korkut Ata Universitetində təhsil alan azərbaycanlı tələbələr Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təxribatlarla əlaqədar etiraz aksiyası keçiriblər.

Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandırıldığı aksiyada çıxış edən gənclər iyulun 12-dən başlayaraq Azərbaycanın dövlət sərhəddində ordumuzun mövqelərinin, eləcə də mülki şəxslərin Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulmasına sərt etirazlarını bildiriblər. Bu hadisələri Ermənistanın işğalçılıq və təcavüzkarlıq siyasətinin növbəti bariz nümunəsi adlandıran aksiya iştirakçıları bəyan ediblər ki, Türkiyədə, o cümlədən Osmaniye Korkut Ata Universitetində təhsil alan azərbaycanlı tələbələr ön cəbhədə düşmənə qarşı vuruşmaq üçün hər an hazırdırlar.

Aksiya zamanı “Qarabağ bizimdir, bizim olacaq!”, "Qarabağ Azərbaycandır!", “Şəhidlər ölməz, Vətən bölünməz”, "Ermənistanın işğalçı siyasətinə son qoyulsun!" və s. şüarlar səsləndirilib. İştirakçılar dünya birliyindən və beynəlxalq qurumlardan Ermənistanın işğalçı siyasətinə son qoyulması, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması ilə bağlı qətiyyətli addımlar atılmasını tələb ediblər.