Münhendə Ermənistanın hərbi təxribatlarına qarşı etiraz aksiyaları keçirilib

19.07.2020

İyulun 19-da Almaniyanın Münhen şəhərində ölkəmizin Tovuz istiqamətindəki dövlət sərhəddində Ermənistanın xaincəsinə hərbi təxribatlar törətməsinə və Azərbaycana qarşı işğalçı siyasət aparmasına etiraz olaraq mitinq və yürüş keçirilib.

Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin və Münhendəki Azərbaycan evinin təşkilatçılığı ilə gerçəkləşdirilən etiraz mitinqi şəhərin Marienplatz meydanında baş tutub. Aksiyada Azərbaycan və türk icmalarının 200 nəfərədək üzvləri, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Azərbaycan, Türkiyə və Almaniyanın dövlət bayraqlarının dalğalandığı, iyul təxribatları zamanı həlak olmuş şəhidlərimizin şəkillərinin, Ermənistanın işğalçı mahiyyətini ifadə edən şüarların əks olunduğu plakatların nümayiş etdirildiyi mitinq Azərbaycanın dövlət himninin səsləndirilməsi və Tovuz cəbhəsində qəhrəmanlıqla həlak olmuş hərbçilərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Həzin musiqi sədaları altında şəhidlərimizin hər birinin adı çəkilib.

Etiraz mitinqində Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sədri Səttar Kərimov, Azərbaycan evinin icraçı direktoru Fuad Rzayev, Zalsburq azərbaycanlıları cəmiyyətinin sədri Fərid Məşədiəzizli, Atatürkcü düşüncə dərnəyinin sədri Abbas Aslan Doğan, Dağ yəhudilərinin ağsaqqalı Akif Ağayev, Erlangen şəhərində təhsil alan tələbə Hüseyn Kamalzadə və müxtəlif türk cəmiyyətlərinin sədrləri çıxış ediblər. Natiqlər Ermənistanın iyul təxribatlarını kəskin şəkildə pisləyiblər və bu təcavüzkar dövlətin indiyə qədər Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağı və ona bitişik 7 rayonu işğalda saxlamasını, Xocalı soyqırımı kimi amansız və vəhşi soyqırımı törətməsini beynəlxalq hüquq normaları və bəşəri dəyərlərlə bir araya sığmayan cinayət adlandırıblar. Qardaş Türkiyənin və 300 milyonluq Türk dünyasının ölkəmizin yanında durduğu və bütün məsələlərdə olduğu kimi işğalçılarla mübarizədə də xalqımızı dəstəklədiyi bildirilib.

Tədbir iştirakçıları dünya birliyini Azərbaycanın haqq səsini eşitməyə, ədaləti bərpa etməyə və təcavüzkar Ermənistanı ən sərt şəkildə cəzalandırmağa çağırıblar.

Daha sonra mitinq iştirakçıları Marienplatz meydanından Odeonsplatz meydanına qədər etiraz yürüşü keçiriblər. Mitinqdə olduğu kimi, yürüş zamanı da "Qarabağ Azərbaycandır!", "Şəhidlər ölməz, Vətən bölünməz!", "Ermənistan işğalçıdır!", "Ermənistanın işğalçı siyasətinə son qoyulsun!" və s. şüarlar səsləndirilib.