Kiyev şəhərində ukraynalılar ölkəmizə və xalqımıza dəstək aksiyası keçirib

17.07.2020

Kiyev şəhərində Azərbaycan səfirliyinin önündə Ukrayna ictimaiyyətinin bir qrup nümayəndəsinin ölkəmizi və xalqımızı dəstəkləyən həmrəylik aksiyası keçirilib.

Əllərində Ukrayna və Azərbaycan bayraqlarını, "Qarabağ Azərbaycandır!", "Qəhrəmanlara eşq olsun, düşmənlərə ölüm!" yazılmış plakatlar tutan aksiya iştirakçıları bildiriblər ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda apardığı ədalətli mübarizədə xalqımızı dəstəkləyirlər. Onlar qeyd ediblər ki, analoji vəziyyəti yaşayan ukraynalılar Azərbaycanın qarşılaşdığı problemləri çox yaxşı anlayırlar.

Aksiya iştirakçıları ilə görüşən Azərbaycan səfirliyinin təmsilçisi Ermənistanın törətdiyi son təxribat və Azərbaycan-Ermənistan sərhəddində yaranmış vəziyyət barədə ətraflı məlumat verib. Bildirib ki, Ermənistandan fərqli olaraq Azərbaycan Ordusu yaşayış məntəqələrini artilleriya atəşinə tutmur, yaşayış məntəqələrini dağıtmır, dinc sakinləri qətlə yetirmir. Ermənipərəst xəbər agentlikləri bu barədə dezinformasiyalar yayırlar. Azərbaycan Silahlı Qüvvələri "Qisas" əməliyyatı zamanı ölkəmizin sərhədyanı bölgəsini atəşə tutan erməni silahlılarının mövqelərinə dəqiq zərbələr endirir.

Sonda Azərbaycanın haqlı mövqeyini müdafiə etdiklərinə, bu ağır günlərdə xalqımızla həmrəy olduqlarına və dəstəklədiklərinə görə aksiya iştirakçılarına minnətdarlıq ifadə edilib.