Türkiyədəki soydaşlarımız erməni təxribatına birlik və yekdilliklə cavab verməyə hazırdırlar

17.07.2020

Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbər şəxslərinin və Türkiyədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının onlarla nümayəndəsinin iştirakı ilə növbəti videokonfrans keçirilib.

Tədbirdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov işğalçı Ermənistanın fasiləsiz olaraq törətdiyi hərbi təxribatların yaratdığı mövcud vəziyyət, Azərbaycan Silahlı Qüvvələrinin düşmənə sarsıdıcı zərbələr endirməsi, şəhidlərimizin qanının yerdə qalmadığı barədə ətraflı məlumat verib.

Hər zaman olduğu kimi, bu ağır hadisələr zamanı da Türkiyə dövlətinin və xalqının Azərbaycanı qətiyyətlə dəstəklədiyi, dövlətimizin və xalqımızın yanında olduğu bildirilib.

İşğalçı Ermənistanın dünyanın müxtəlif ölkələrindəki diaspor təşkilatları vasitəsilə Azərbaycana qarşı vandalizm aktları törətməyə cəhd göstərdiyinə diqqəti cəlb edən komitə sədri bildirib ki, sıraları daha da genişlənən Azərbaycan diasporu böyük mütəşəkkilliklə və yekdilliklə bu təxribatların qarşısını alır. Müxtəlif ölkələrdə Azərbaycan dövlətinə və ordusuna dəstək aksiyaları keçirən diaspor təşkilatları fəallıq göstərir, baş vermiş təxribata etirazlarını bildirirlər.

Azərbaycan həqiqətlərinin dünyaya operativ və dolğun şəkildə çatdırılması baxımından Türkiyədəki diaspor təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsinə, təşkilatlar arasında birliyin möhkəmləndirilməsinə, təşkilatların eyni xətt üzrə hərəkət etməsinə, türkdilli diasporlarla birgə çalışmasına, Türkiyə və dünya mediasına çıxış imkanları olan türkdilli insanların daha da fəal olmasına ehtiyac olduğu vurğulanıb.

Müzakirələr zamanı konfrans iştirakçıları Ermənistanın Azərbaycana qarşı növbəti təxribatını sərt şəkildə qınadıqlarını, dövlətimizi, xalqımızı və ordumuzu birmənalı və tam şəkildə dəstəklədiklərini bildiriblər. Harada yaşamalarından asılı olmayaraq, tarixi Vətənlərinin yanında olduqlarını, vahid platforma üzərindən hərəkət etməyə qərar verdiklərini, istər informasiya müharibəsinin əsgərləri kimi çalışmağa, istərsə də ön cəbhədə vuruşmağa hazır olduqlarını bildiriblər. Tədbirdə yeni diaspor təşkilatlarının yaradılması imkanları barədə fikir mübadiləsi də aparılıb.