Azərbaycan diasporu Ermənistanın təcavüzkar siyasətinə etirazları davam etdirir

16.07.2020

Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozaraq, Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhəddində xaincəsinə hərbi təxribat törətməsi dünyanın müxtəlif ölkələrindəki diaspor təşkilatları və soydaşlarımız tərəfindən böyük hiddətlə qarşılanmaqdadır.

Fransa Azərbaycanlılarının Koordinasiya Şurası, Niderland-Belçika Azərbaycanlılarının Koordinasiya Şurası, Almaniya Azərbaycanlıları Alyansı, Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası, Şərqi Avropa Ölkələri Azərbaycanlılarının Koordinasiya Şurası, İspaniyada yaşayan Azərbaycanlıların Koordinasiya Surası, Polşa Azərbaycanlıları Koordinasiya Şurası, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu, Ankaradakı Azərbaycan Evi, Polşadakı Azərbaycan Evi, Benilüks Azərbaycanlıları Konqresi, Hollanda-Azərbaycan Türk Kültür Dərnəyi, Finlandiyada Azərbaycanlılar Assosiasiyası, Azərbaycanlı Qadınlar Cəmiyyəti, Azərbaycan-Türk gənclər təşkilatı, İğdır-Azərbaycan Dil, Tarix və Kültür Birliyi Yaşatma və Dəstəkləmə Dərnəyi, Kayseri Azərbaycanlı Tələbələr Birliyi, Moldova Azərbaycanlıları Konqresi, "İsraildə Azərbaycan Evi", Azİz" Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası, Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurası, Latviyadan “Azəri Gənclər” Cəmiyyəti, Serbiyadan Azərbaycan Mədəniyyət Mərkəzi və s. diaspor təşkilatlarının beynəlxalq qurumlara və dünya ictimaiyyətinə ünvanlanan bəyanatlarında Tovuz cəbhəsində baş verənlər Ermənistanın növbəti təcavüz və təxribat aktı, Azərbaycana qarşı işğalçı siyasətin nümunəsi, ölkəmizin ərazi bütövlüyünə təhdid kimi qiymətləndirilib.

BMT-nin Təhlükəsizlik Şurasının işğal edilmiş Dağlıq Qarabağ və ətraf ərazilər ilə bağlı qəbul etdiyi 4 qətnamədə erməni hərbi hissələrinin işğal olunmuş Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyini xatırladan soydaşlarımız, indiyə qədər Ermənistanın həmin tələbləri yerinə yetirmədiyini, beynəlxalq hüquq normalarını və prinsiplərini kobud şəkildə pozduğunu, bu işğalçı dövlətin hərbi təxribatları nəticəsində mütəmadi olaraq Azərbaycanın sərhədyanı ərazilərində yaşayan mülki əhalisinin və hərbçilərimizin həlak olduqlarını, silahlı qüvvələrini Azərbaycanın işğal etdiyi ərazilərindən çıxarmaq əvəzinə, yeni mövqelər ələ keçirmək, gərginlik yaratmaq məqsədilə təxribatlar törətdiyini nəzərə çatdırıblar.

Diaspor təşkilatları Ermənistanın hərbi təxribatlarını şiddətlə qınadıqlarını bəyan edərək, beynəlxalq təşkilatları və dünya ictimaiyyətini bu ölkənin təcavüzkar siyasətini dayandırmağa, BMT-nin müvafiq qətnamələrinin icra olunmasına, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonlarının Ermənistan tərəfindən işğalını pisləməyə, işğala son qoyulmasına, 1 milyondan şox qaçqın və məcburi köçkünün doğma yerlərinə qaytarılmasına dəstək verməyə çağırıblar.