Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyəti “Best of Los Gatos-2020” mükafatını alıb

08.07.2020

Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Cəmiyyəti (ACSNC) Los Gatos Mükafat Proqramının icma mərkəzi kateqoriyasında ilin ən yaxşı icmalarından biri kimi “Best of Los Gatos-2020” mükafatına layiq görülüb.

Qeyd edək ki, Los Gatos Mükafat Proqramı bölgədəki yerli müəssisələrin qazandıqları və işlərini təqdir edən illik mükafat proqramı olub yerli icma və biznes kateqoriyası üzrə müstəsna marketinq uğurları qazanan şirkətləri müəyyənləşdirir. Bu şirkətlər müştərilərə və cəmiyyətə xidmət göstərir, kiçik biznesin müsbət imicinə töhfələr verməklə yanaşı, Los Gatos bölgəsinin yaşamaq, işləmək və əylənmək baxımından gözəl bir məkana çevrilməsinə kömək edir. Hər kateqoriyada qalibləri seçmək üçün müxtəlif məlumat mənbələri toplanır və təhlil edilir. Bu ilki mükafat proqramının qaliblərinin seçimi zamanı kəmiyyətə deyil, keyfiyyətə üstünlük verilib. Qaliblər isə Los Gatos Mükafat Proqramının və üçüncü tərəfin verdiyi məlumatlara əsasən müəyyən edilib.

Xatırladaq ki, bu proqram cəmiyyətdəki ən yaxşı yerli müəssisələri tanıtmaq üçün təsis edilib və yerli biznes sahibləri, ticarət qrupları, peşəkar birliklər, reklam və marketinq qrupları ilə işləyir. Məqsəd – kiçik biznes cəmiyyətlərinin ABŞ iqtisadiyyatına bəxş etdikləri töhfələrə diqqəti cəlb etməkdir.

Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi bu uğur münasibətilə Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Cəmiyyətini təbrik edir, soydaşlarımıza gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayır.