“Mən fəxr edirəm ki, azərbaycanlıyam!” mövzusunda videogörüş təşkil edilib

17.06.2020

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Milli Qurtuluş Gününə həsr olunmuş “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” mövzusunda onlayn görüş keçirilib.

Virtual tədbirdə müxtəlif ölkələrdə yaşayan diaspor nümayəndələri görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin məşhur “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” ifadəsi barədə öz düşüncələrini paylaşıb.

Onlayn tədbirə Türkiyə, İsrail, Böyük Britaniya, Almaniya, İtaliya, Niderland Krallığı, Polşa, Ukrayna, Rusiya Federasiyası, Belarus, Pakistan, Misir, Oman Sultanlığı, Birləşmiş Ərəb Əmirlikləri, Nigeriya da daxil olmaqla 15 ölkədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının 50-yə yaxın təmsilçisi qoşulub.

Rusiya və Yunanıstan diaspor təşkilatlarının üzvləri Amil Ağayev və Günel Nəsirovanın moderatorluğu ilə aparılan tədbir böyük öndər Heydər Əliyevin “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” ifadəsini əks etdirən videonun nümayiş etdirilməsi ilə başlayıb.

Tədbirdə Azərbaycan Gənclərinə Dəstək Proqramının layihə koordinatoru Fariz Vəliyev, Turan Manafzadə, Ramin Seyid və İltəriş Kağan Taşkınsu (Türkiyə), Ayaz Aziziov (İsrail), Ülviyyə Tağızadə (Böyük Britaniya), Lalə Məmmədli (Almaniya), Kəmalə Ceylinova (Niderland), Lalə Zeynalova (Polşa), Kərim İsmayılov, Emin Rüstəmov və Türkan Həsənova (İtaliya), Məhluqə Allahverdiyeva (Ukrayna), Vüsal Qarayev (Belarus), Billurə Bayramova (Nigeriya), Səbinə Aydın (Misir), Şəhla İsayeva və Fatimə Tehrəm Qızılbaş (Pakistan), Vüsalə Yusif (Oman Sultanlığı), Sabrin Ali Azim (Birləşmiş Ərəb Əmirlikləri) və Azərbaycandan diaspor könüllüsü Həmidə Cəfərova, ADA-nın tələbəsi Kamil Hüseynli, ADPU-nun məzunu Mədinə Quliyeva çıxış ediblər.

Gənclər ümummilli liderin Azərbaycanın dövlət quruculuğuna bəxş etdiyi töhfələri, müstəqil ölkəmizin dünyada nüfuzunun artırılması üçün göstərdiyi misilsiz xidmətləri xatırladıblar. Qeyd edilib ki, müsəlman Şərqində ilk dünyəvi və demokratik dövlət quran Azərbaycanda tarixin bütün dönəmlərində müxtəlif çətinliklərin mövcudluğuna baxmayaraq, milli kimlik, milli süur, vətənpərvərlik ruhu hər zaman qorunub saxlanılıb. Gənclər vətənimizin tarixi, məşhur şəxsləri, qəhrəmanları, adət-ənənələri, milli-mənəvi dəyərləri, mədəniyyəti və incəsənəti, mətbəxi və əsrarəngiz təbiəti ilə fəxr etdiklərini bildiriblər.

Tədbir iştirakçıları həmçinin belə videogörüşün təşkilini təqdir edərək, son illərdə Diasporla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi tədbirlərin, yay düşərgələrinin xaricdə yaşayan gənclərin şəbəkələşməsində, onların arasında birlik və həmrəyliyin qurulmasında əhəmiyyətindən də bəhs ediblər.