Türkiyənin Sakarya vilayətində COVID-19 pandemiyası ilə müvəqqəti çətinliklə üzləşmiş 300-dən çox azərbaycanlı tələbəyə maddi və ərzaq dəstəyi göstərilib.
Sakarya Azərbaycan-Türkiyə Qardaşlıq Topluluğunun rəhbəri Vüqar Nəsirov bildirib ki, müqəddəs Ramazan ayında həyata keçirilən humanitar aksiyalar zamanı 200 tələbəyə ərzaq yardımı edilib, 100 tələbəyə (50-si birbaşa maddi yardım alıb, 50-si alış-veriş kartı ilə təmin olunub) maddi kömək göstərilib. Xeyriyyə aksiyası pandemiya öncəsi başqa şəhərlərdən səyahət və şəxsi işlər məqsədilə Sakaryaya gələn və karantin müddətində yaşadıqları yerlərə qayıda bilməyən tələbələri və onların ailə üzvlərini də əhatə edib.
V.Nəsirov rəhbərlik etdiyi qurumun nəcib təşəbbüsünə dəstək olan Azərbaycan və Türkiyə dövlətlərinə, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinə (MÜSİAD), Türkiyənin Kızılay təşkilatına, Sakarya Universitetinə, Uluslararası Öyrənci Dərnəkləri Federasiyasına (UDEF), Adatıp xəstəxanasının rəhbərliyinə və digərlərinə minnətdarlığını bildirib.