Xarkov şəhərində aztəminatlı ailələrə və tələbələrə yardım edilib

07.04.2020

Covid-19 pandemiyası ilə mübarizə dövründə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən azərbaycanlılar və diaspor təşkilatları bəşəri dəyərlərə sadiq olmağın vacibliyini öz əməlləri ilə sübut etməkdədirlər. Soydaşlarımız xeyriyyəçilik missiyasını davam etdirir, maddi sıxıntı ilə üzləşmiş yerli sakinlərə və həmvətənlərimizə yardım edir, bu ağır günlərdə onları diqqətdən kənarda qoymurlar.

Ukrayna Azərbaycanlıları Gənclər Radası və Kiyev Azərbaycanlıları Konqresinin birgə başladığı xeyriyyə tədbirlərinin ünvanı bu dəfə Xarkov olub. Soydaşlarımız Xarkovun 30 aztəminatlı və çoxuşaqlı ailəsinə, eləcə də 20 tələbəyə ərzaq yardımı göstərib.

Xatırladaq ki, "Biz bu virusa qalib gələcəyik! Hər şey yaxşı olacaq!" devizi altında həyata keçirilən xeyriyyəçilik missiyası Odessadan start götürüb. Diaspor təşkilatlarımız Odessada yaşayan 25 aztəminatlı və çoxuşaqlı ailəyə ərzaq yardımı göstərib.