Zalsburqda Xocalı soyqırımından bəhs edilib

06.03.2020

Avstriyanın Zalsburq şəhərində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayan tədbirdə Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizov çıxış edib. Natiq beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə və kobudcasına pozulması ilə nəticələnən, bəşər tarixinə qanlı faciə kimi daxil olan Xocalı soyqırımını Ermənistanın uzun illər ərzində Azərbaycana qarşı işğalçılıq və soyqırımı siyasətinin tərkib hissəsi adlandırıb. Bildirib ki, bu faciə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsi, insanlığa qarşı ən ağır cinayətlərdən biridir.

Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasının, məcburi köçkünlərin öz yurdlarına qaytarılmasının zəruriliyinin dəfələrlə nüfuzlu beynəlxalq qurumların qarşısında qaldırıldığı, bunun beynəlxalq qurumların müvafiq qərarlarında, o cümlədən Avropa Parlamentinin 2018-ci il 12 dekabr tarixli qətnaməsində öz əksini tapdığı, Heydər Əliyev Fondunun dəstəyi ilə bir çox ölkələrdə və şəhərlərdə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasının Xocalı faciəsinin dünyada soyqırımı aktı kimi tanınmasında mühüm rol oynadığı vurğulanıb.

Beynəlxalq qurumlarun bu soyqırıma siyasi-hüquqi qiymət verməsinin, Ermənistanın beynəlxalq sənədlərin qərarlarına, sülh və ədalət çağırışlarına riayət etməsinin, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının, əsir və girovların azad edilməsinin, qaçqın və məcburi köçkün soydaşlarımızın öz doğma yurdlarına qayıtmasının, günahsız, dinc insanları qətlə yetirən cinayətkarların ədalət məhkəməsi qarşısında cavab verməsinin və cəzalandırılmasının vacibliyi diqqətə çatdırılıb.

Tədbir iştirakçıları Xocalıda körpələrə, qocalara, qadınlara divan tutulduğunu, amansız və ağılasığmaz işgəncələr verildiyini, azərbaycanlılara qarşı misli görünməyən təcavüz həyata keçirildiyini pisləyiblər. Onlar beynəlxalq təşkilatların bu məsələyə passiv mövqe nümayiş etdirmələrinin, BMT-nin qəbul etdiyi 4 qətnamənin kağız üzərində qalmasının, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi və ya birtərəfli fəaliyyəti nəticəsində işğalın və təcavüzün Ermənistan tərəfindən hələ də davam etdirilməsinin, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətinə göz yumulmasının yolverilməz olduğunu bildiriblər. Xocalı faciəsinin və Azərbaycan xalqına qarşı törədilmiş haqsız cinayətlərin, müsibətlərin unutdurulmaması, tarixin bu faciəli səhifələrinin gələcək nəsillərin yaddaşında möhkəmləndirilməsi məqsədilə maarifləndirmə kampaniyasının aparılmasının önəmi qeyd edilib.