Ankarada Xocalı soyqırımına həsr edilmiş tədbir keçirilib

02.03.2020

Türkiyənin paytaxtı Ankarada Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Qanayan yaramız Xocalı” adlı tədbir keçirilib.

Ankara Qazi Universitetində Texnologiya bölümünün təşkilatçılığı ilə baş tutan tədbirə Azərbaycanın Türkiyədəki səfirinin birinci katibi Elçin Allahverdiyev, Xəzər Universitetinin Türkiyə təmsilçisi Murat Yaşar Əkinçi, Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin (AKMƏM) sədri Məlahət Qurbanova, ATEV-in icraçı direktoru Toğrul Allahverdili və digər azərbaycanlı qonaqlar, eləcə də professor-akademik heyəti və tələbələr qatılıb.

Professor Çetin Almasın moderatorluğu ilə baş tutan tədbirdə Azərbaycan Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər və Professor Qaffar Çaxmaqlı çıxış edərək Xocalı soyqırımı haqqında ətraflı məlumat verib və bu kimi tədbirlərin keçirilməsinin önəmini vurğulayıblar.

Tədbirin sonunda çıxış edənlər iştirakçıları sosial mediada aktiv olmağa və #HocalıyaAdalet, #Hocalıiçinpaylaş, #JusticeforKhojalı, #ShareforKhojalı həştəqlərilə paylaşımlar etməyə, rəylər yazmağa səsləyiblər.