Saratovda Xocalı soyqırımından danışılıb

27.02.2020

Fevralın 25-də Rusiyanın Saratov şəhərində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Şəhərin İslam kompleksində baş tutan tədbir "Vətən" Azərbaycan milli-mədəni mərkəzinin, Saratov azərbaycanlılarının regional milli-mədəni muxtariyyətinin rəhbəri, Saratov şəhərinin İctimai Palatasının üzvü Hacı Murad Muradovun təşkilati dəstəyilə gerçəkləşdirilib.

Mərasim Qurandan ayələrin oxunması ilə başlayıb. Tədbirdə Hacı Murad Muradov, AMOR təşkilatının Saratov şöbəsinin təmsilçisi Nazilə Nurməmmədova, Saratov vilayəti müftisinin birinci müavini Rasim-Həzrət Kuzyahmetov, Saratov vilayətinin İctimai Palatasının sədri Boris Şinçuk, Saratov vilayətinin milli-mədəni birlikləri Assosiasiyasının prezidenti Hacı Salman Musayev, "Birlik" mədəni mərkəzinin rəhbəri Vaqif Məmmədov və digər icmaların rəhbərləri çıxış ediblər.

Natiqlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin azərbaycanlıların yaşadığı Xocalı şəhərinə hücum etdikləri və dinc sakinləri kütləvi şəkildə qətlə yetirdikləri barədə ətraflı danışıblar. Xocalı hadisəsinin yalnız azərbaycanlıların deyil, bəşəriyyətin, insanlığın faciəsi olduğu qeyd edilib.

Tədbir Xocalı qurbanlarının ruhuna duaların oxunması ilə yekunlaşıb.