İstanbulda Xocalıya həsr olunmuş tamaşa və kitab təqdim olunub

27.02.2020

İstanbulda Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar "Cəhənnəmdə 8 gün" tamaşasının premyerası və "Xocalıda nə oldu" kitabının təqdimat mərasimi keçirilib.

Tamaşadan öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib, Xocalı qətliamının dəhşətlərini özündə əks etdirən videoçarx nümayiş olunub.

Gültəpə Mədəniyyət Mərkəzində baş tutan tamaşa Xocalı sakini Dürdanə Ağayevanın xatirələri əsasında və “Bir millət, iki dövlət” layihəsi çərçivəsində hazırlanıb. Tamaşanın ssenari müəllifi Aygün Həsənoğlu, rejissoru Kamran Dadaşzadə, musiqi tərtibatçısı Aynur Axundzadədir. Xocalı soyqırımı zamanı ermənilərə əsir düşmüş və 8 gün dəhşətli həyat yaşamış qadının hekayəsini özündə əks etdirən səhnə əsərində baş rolu Türkiyə-Azərbaycan Vizyon Teatrının rəhbəri Kəmalə Kamal oynayıb. Tamaşada aktyorlardan Şəlalə Coşqun Tuna, Bülənt Altay, Yavər Hüseynzadə, Said Vardar, Musa Çakır və digərləri iştirak ediblər.

Tədbirdə türkiyəli yazıçı Mətin Yıldırım, tamaşanın baş koordinatoru Ayhan Ünlü və digərləri çıxış edərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin Xankəndində yerləşən Rusiyanın 366-cı motoatıcı alayının köməyilə Xocalıda yüzlərlə günahsız insanı amansızlıqla qətlə yetirdiyini, yaraladığını, əsir götürdüyünü və vəhşiliklər törətdiyini xatırladıblar.

Türkiyənin "Can Azərbaycan" media şirkətinin nəşr etdiyi "Xocalıda nə oldu" kitabının təqdimat mərasimində də Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Xocalı həqiqətlərini özündə əks etdirən 112 səhifəlik kitabın ön sözünün müəllifi professor Elmira Süleymanovadır. Kitabda "Azərtac"ın Türkiyə bürosunun İstanbul üzrə müxbiri Günel Məlikovanın "Xocalı soyqırımı yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının faciəsidir" başlıqlı məqaləsi yer alıb. Məqalədə 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalıda baş verən qanlı və qorxunc hadisələr, xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu soyqırım aktına siyasi və hüquqi qiymətin verilməsi üçün atılan addımlar, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində bir sıra dövlətlər tərəfindən Xocalı soyqırımının tanınması və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bütün dünyada "Xocalıya ədalət!" kampaniyasının aparılması barədə məlumat verilib.

Tədbirdə "Can Azərbaycan" media şirkətinin rəhbəri Namik Kamal Yıldırım, "Peşəyönümlü təhsilin inkişafına yardım" ictimai birliyinin sədri İradə Əlili və digərləri çıxış edərək, dünya ictimaiyyətini Ermənistanın Azərbaycana qarşı apardığı hərbi-siyasi təcavüzünü qınamağa, beynəlxalq təşkilatları və dünya dövlətlərini ermənilərin Azərbaycan torpaqlarında törətdikləri Xocalı soyqırımına və digər qanlı hadisələrə siyasi-hüquqi qiymət verməyə çağırıblar. Xocalı soyqırımını ermənilərin törətdikləri ən böyük vəhşiliklərdən biri kimi dəyərləndirən natiqlər onların hər zaman türk millətinə qarşı düşmən münasibəti bəslədiklərini, Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən Azərbaycan torpaqlarının 20 faizinin hələ də işğal altında olduğunu vurğulayıblar.

Tədbirdə Xocalı soyqırımının dəhşətlərini əks etdirən videoçarx nümayiş olunub.