Daşkənddə “Qarabağ - Azərbaycan mədəniyyətinin beşiyi” layihəsi reallaşdırılacaq

12.02.2020

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi “Qarabağ - Azərbaycan mədəniyyətinin beşiyi” adlı layihənin icrasına başlayıb.

Layihəyə əsasən, “Qarabağ atı” animasiya filmi özbək dilinə dublyaj edilib. Filmin yaxın günlərdə nümayiş olunacağı gözlənilir. 2020-ci il ərzində “Qarabağ - əcdadlarımızın mirası” sənədli filminin təqdim olunması, “Azərbaycanın Qarabağ diyarı Özbəkistan rəssamlarının gözü ilə” rəsm, “Könlüm keçir Qarabağdan” şeir müsabiqələrinin keçirilməsi nəzərdə tutulub. Şeir müsabiqəsində hər iki ölkənin şairlərinin və poeziya həvəskarlarının Qarabağa həsr etdikləri ən maraqlı əsərlərinin seçilməsi və nəşr olunması nəzərdə tutulub.

“Wikipedia.org” beynəlxalq elektron ensiklopediyasında özbək dilində Azərbaycana dair yeni bölmələrin yaradılması, mövcud bölmələrin zənginləşdirilməsi məqsədi ilə Qarabağ, onun Azərbaycan mədəniyyətində, ədəbiyyatında, musiqisində yeri və rolu, tanınmış qarabağlılar, bölgənin müxtəlif rayonları, abidələri, adət-ənənələri və s. haqqında məlumatlar toplanacaq. Bu mövzuda foto, rəsm, moda sərgiləri təşkil olunacaq, Youtube kanalında video materiallar yerləşdiriləcək. Tədqiqat əsərlərinə, yerli mətbuatda çoxsaylı məqalələrin dərc edilməsinə dəstək göstəriləcək, özbək, rus və Azərbaycan dillərində kitabların, video-çarxların, filmlərin subtitrlərlə hazırlanması həyata keçiriləcək.

Bu il ərzində Qarabağa həsr olunmuş konsertlərin, muğam axşamlarının keçirilməsi, “Qarabağ muğam qrupu”nun Özbəkistanda çıxışı da nəzərdə tutulub.