Qazaxıstan nümayəndə heyəti ölkəmizin rəsmi şəxslərilə görüşüb

05.02.2020

Diasporla İş üzrə Dövlət Komitəsinin dəvətilə ölkəmizə səfər edən Qazaxıstan nümayəndə heyəti bir sıra rəsmi şəxslərlə görüşüb.

Qazaxıstan Xalqı Assambleyası (QXA) sədrinin müavini, Qazaxıstan Respublikasının Prezidenti Administrasiyasının Qazaxıstan Xalqı Assambleyası Katibliyinin rəhbəri Canseit Tuymebayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı eyni etnik kökləri və yaxın mədəniyyətləri bölüşən xalqlarımız arasında təşəkkül tapmış dostluq əlaqələrinin qədim tarixə malik olduğunu, ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu qeyd edib. Ümumi köklərimizdən qaynaqlanan qardaşlıq münasibətlərinin və əlaqələrinin hər iki xalqın öndərləri - Heydər Əliyev və Nursultan Nazarbayevin rəhbərliyi dönəmində daha da möhkəmləndirildiyi, hazırda həmin siyasətin Azərbaycan və Qazaxıstan prezidentləri İlham Əliyev və Kasım-Jomart Tokayev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində həmişə ölkəmizin haqlı mövqeyini beynəlxalq və regional səviyyədə dəstəklədiyinə görə Qazaxıstana minnətdarlıq ifadə olunub.

Qonaqlara komitənin fəaliyyəti barədə ümumi məlumat verilib, ölkəmizdə dini ekstremizm və radikalizmə qarşı mübarizədə əldə edilən müsbət nəticələrdən danışılıb, “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanunun qəbul edilməsinin bu problemlə mübarizədə böyük üstünlüklər verdiyi, Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasının sağlam dini mühitin bərqərar olması üçün geniş imkanlar açdığı vurğulanıb.

Nümayəndə heyətinin rəhbəri Canseit Tuymebayev Azərbaycandakı dini tolerantlığın və multikulturalizm mühitinin digər ölkələr üçün müsbət nümunə olduğunu bildirərək, Qazaxıstanda mədəni və konfessional rəngarəngliyin inkişafı üçün geniş hüquqi-ictimai bazanın yaradıldığını, heç bir etnik-dini motivli münaqişənin baş vermədiyini söyləyib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının Prezident Administrasiyasında keçirilən görüşdə isə Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva iştirak ediblər.

Görüş zamanı Prezidentin köməkçisi Hikmət Hacıyev Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevlə Azərbaycanın ümummilli lideri Heydər Əliyev arasında şəxsi dostluğun xalqlarımız arasında münasibətlərin inkişafında böyük rol oynadığını vurğulayaraq, Prezident İlham Əliyevin ikitərəfli əlaqələrimizin möhkəmləndirilməsi işinə verdiyi önəmi və töhfələri xüsusi qeyd edib. İki ölkənin bir çox istiqamətlər üzrə uğurla əməkdaşlıq etdiyi, beynəlxalq aləmdə həmişə bir-birinii dəstəklədiyi, regionda çoxsaylı mühüm birgə tədbirlər, təşəbbüslər həyata keçirdiyi hərtərəfli əməkdaşlığın davamlı inkişafı üçün mövcud potensialın tam sərf olunmadığı vurğulanıb, irəlidə bu istiqamətdə hələ çox işlər görüləcəyinə əminlik ifadə edilib.

İki ölkəni tarixi dostluq və qardaşlıq əlaqələrinin birləşdirdiyini vurğulayan Canseit Tuymebayev Qazaxıstanın inkişafında fəal iştirak edən 110 minə yaxın etnik azərbaycanlının üçdə birinin Türküstan bölgəsində yaşadığını (32,6%), Almatı, Şimkənd və Cambul bölgələrində əhəmiyyətli sayda olduğunu, ümumilikdə Qazaxıstandakı azərbaycanlıların 72,2% -nin sözügedən bölgələrdə sakin olduğunu diqqətə çatdırıb. Dilin, mədəniyyətin və xalq adət-ənənələrinin canlandırılması məqsədi ilə 32 Azərbaycan etnik-mədəniyyət dərnəyinin (1 respublika səviyyəsində, 8 filial və nümayəndəlik, 23 yerli etnomədəni birlik) yaradıldığı, 2007-ci ildən bu yana Əbülfəz Xamedovun rəhbərlik etdiyi Azərbaycanlılar Birliyinin fəaliyyət göstərdiyi, 7 bölgədə (Nur-Sultan, Almatı, Aktobe, Qaraqanda, Mangistau, Pavlodar və Şimali Qazaxıstan) həftəsonu Azərbaycan etnolinqvistik məktəblərində Azərbaycan dilinin tədris olunduğu vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.