Nikolayev vilayətinin bioqrafik ensiklopediyası təqdim olunub

27.01.2020

Ukraynanın Nikolayev şəhərində "Nikolayev Vilayətinin Bioqrafik Ensiklopediyası"nın 3-cü kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə şəhər meriyasının milli məsələlər üzrə köməkçisi Anar Axundov, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayev vilayəti üzrə sədri Yunus Alıyev və diaspor üzvlərimiz çıxış ediblər.

Qeyd edilib ki, kitab Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayev vilayəti üzrə sədrinin təşəbbüsü ilə ərsəyə gəlib. Ensiklopediyada vilayətin məşhur şəxsləri, 416-cı Taqanrok diviziyasının şərəfinə ucaldılmış abidə, Azərbaycanın qəhrəman övladları, iş adamları, diaspor üzvləri haqqında geniş məlumatlar yer alıb.

Bildirilib ki, bu cür dəyərli kitablarda soydaşlarımız haqqında məlumatların yazılmasının böyük əhəmiyyəti var. Ensiklopediyada xalqımızın oğul və qızlarının mübariz olduqları, çətin anlarda Ukrayna xalqı ilə çiyin-çiyinə mübarizə apardıqları konkret faktlarla göstərilib. Məqsəd - gələcək nəsillərin öz sələfləri haqqında dəqiq və obyektiv məlumat almasıdır. Onlar Ukrayna torpaqlarının müdafiəsində iştirak edən babaları ilə qürur duyacaq və fəxr edəcəklər. Tədbirdə çıxış edənlər kitabın gənclərimiz üçün əhəmiyyətindən və diaspor fəaliyyətinə müsbət təsirlərindən danışıblar.