İstanbulda azərbaycanlı məktəblilər 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər

24.01.2020

İstanbulun Küçükçəkməcə rayonunda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan məktəbinin şagirdləri 20 Yanvar hadisələrinin 30-cu ildönümünü şəhərdəki Ədirnəqapı 15 Temmuz (iyul) şəhidliyini ziyarət etməklə qeyd ediblər.

Əllərində Türkiyə və Azərbaycan bayraqlarını, şəhidlərin şəkillərini tutan məktəblilər qardaş ölkənin suverenliyi uğrunda həlak olan şəhidlərin məzarı üzərinə gül dəstələri düzüblər. Onlar "Torpaq su ilə qarışdığında palçıq, qan ilə qarışdığında Vətən olur" şüarını səsləndiriblər və vətənpərvərlik şeirləri söyləyiblər.

Tədbirdə çıxış edən məktəbin rəhbəri Muhammet Karasu deyib: “Bura gələn şagirdlərimizin babaları, nənələri, ana və ataları müstəqillik deyərək Bakı küçələrində tankların qarşısına çıxıb. Mübariz İbrahimov, Ömər Halisdemir kimi şəhidləri olan millətlər heç bir zaman əsarət altında qalmazlar”.

Tədbirdən hazırlanan videoçarx Türkiyənin aparıcı kütləvi informasiya vasitələrində nümayiş olunub.