Londonda 20 Yanvar şəhidləri anılıb

21.01.2020

Böyük Britaniyanın paytaxtı Londonda 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin və Londonda fəaliyyət göstərən Azərbaycan evinin birgə təşkilatçılığı ilə baş tutan mərasimdə yerli ictimaiyyətin nümayəndələri, diplomatlarımız və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Mərasim Azərbaycanın dövlət himninin səsləndirilməsi və 20 Yanvar şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Ölkəmizin Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə, Azərbaycan evinin rəhbəri Ali Tekin Atalar, Dağlıq Qarabağ münaqişəsi üzrə ekspert Tamara Draqadze, azərbaycanlı tələbə Sabir Məmmədov çıxış edərək 20 Yanvar faciəsinin səbəb və nəticələrindən danışıblar. Həmin dönəmdə SSRİ-nin bir sıra respublikalarında oxşar hadisələrin baş verdiyini qeyd edən natiqlər ən amansız və qanlı əməliyyatın məhz Bakıda həyata keçirildiyini vurğulayıblar. Qeyd edilib ki, xalqımız 20 Yanvarı qürur hissi ilə xatırlayır, çünki şəhidlərimizin qəhrəmanlıq salnaməsi Azərbaycan xalqının istiqlaliyyət yolunda irəliləməsi baxımdan mühüm addım olub. 20 Yanvar faciəsi haqqında öz xatirələrini, fikirlərini bölüşən qonaqlar bu faciənin hüquqi aspektlərinə də diqqəti cəlb ediblər.

Tədbir 20 Yanvar hadisələrinə ithaf olunmuş sənədli filmin göstərilməsi və Londonda yaşayan tarzən Rafiq Rüstəmovun ifası ilə başa çatıb.