Əskişəhərdə 20 Yanvar hadisələrinə həsr olunmuş konfrans təşkil edilib

21.01.2020

Türkiyənin Əskişəhər şəhərində 20 Yanvar hadisələrinin 30-cu ildönümünə həsr olunmuş konfrans keçirilib. Taşbaşı Mədəniyyət Mərkəzində gerçəkləşdirilən tədbir Əskişəhər Azərbaycanlıları Dərnəyi tərəfindən təşkil olunub.

Konfrans Türkiyənin və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi və bütün Türk Dünyasının şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.

Tədbirdə Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın, sədr müavini Sirac Yaquboğlu, Kızılelma Turan Dərnəyinin sədri Ahmet Hızlan çıxış ediblər. Natiqlər Azərbaycan tarixinə ekskurs edərək, 20 Yanvara qədər baş vermiş hadisələrdən - sovet dönəmində azərbaycanlı aydınların repressiyaya məruz qalmasından, sürgün edilməsindən, Azərbaycan tarixinin dəyişdirilməsindən, ermənilərin müxtəlif illərdə azərbaycanlılara qarşı törətdikləri cinayətlərin ört-basdır edilməsindən, 1988-ci ildə ermənilərin Azərbaycana qarşı torpaq iddiası irəli sürməklə bütün qanunları pozmalarından, sovet rejiminin Azərbaycanın haqlı və ədalətli tələbini eşitmək istəməməsi nəticəsində xalqımızın ayağa qalxıb, müstəqil şəkildə öz torpaqlarını qorumaq, ərazi bütövlüyünü təmin etmək istəyindən danışıblar.

Bildirilib ki, 20 Yanvar Azərbaycanın təkcə qanlı deyil, həm də şanlı tarixidir, çünki bu hadisə millətin müqəddəratını tamamilə dəyişdi və ölkə qısa müddətdən sonra öz dövlət müstəqilliyinə qovuşdu.

Tədbirdə Azərbaycana və şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib, 20 Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş etdirilib.