Belarusdakı diaspor üzvlərimiz 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər

21.01.2020

Belarusun paytaxtı Minskdə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbir Belarus-Azərbaycan İcmaları Konqresi tərəfindən təşkil olunub.

Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin nəzdindəki "Azərbaycan dili və Mədəniyyəti Mərkəzi"ndə baş tutan tədbirdə konqresin üzvləri, ölkəmizin Belarusdakı səfirliyinin əməkdaşları, azərbaycanlı tələbələr və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayan mərasimdə bu faciəli tarixə həsr olunmuş sənədli film nümayiş edilib.

Tədbirdə çıxış edən konqres və səfirlik nümayəndələri diqqəti 30 il öncəyə - 1990-cı il yanvarın 20-də Bakıda və Azərbaycanın digər şəhərlərində baş verən hadisələrə yönəldiblər. Qeyd edilib ki, 1988-ci ildən başlayaraq Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin separatçı fəaliyyəti, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları, soydaşlarımızın Ermənistandan vəhşicəsinə deportasiya edilməsi, eləcə də bütün qanun pozuntularına M.Qorbaçovun başçılıq etdiyi sovet rejiminin göz yumması xalqımızın səbrinin tükənməsinə, milli azadlıq hərəkatının vüsət almasına səbəb olub. Məhz, xalqımızın dövlət müstəqilliyini əldə etməsinin qarşısının alınması üçün Mərkəzi Komitə Azərbaycanın və SSRİ-nin Konstitusiyalarını və beynəlxalq hüquq normalarını tapdalayaraq, xəbərdarlıq etmədən Bakıya qoşun yeridib. Hərbi müdaxilədən əhalinin məlumatsız qalması üçün isə əvvəlcədən Azərbaycan Televiziyasının enerji bloku partladılıb. Nəticədə dinc əhaliyə qəddarcasına divan tutulub. Amma xalqımızın öz mübarizəsini davam etdirməsi 1991-ci ilin oktyabrında dövlət müstəqilliyimizin bərpa olunması və 20 Yanvar şəhidlərinin arzusunun gerçəkləşməsilə başa çatıb.

Soydaşlarımız bu günün unudulmamasını və xalqımızın qəhrəmanlıq səhifələrindən biri olan 20 Yanvar hadisələrinin dəqiqliklə gənc nəslə çatdırılmasının vacib olduğunu vurğulayıblar.

Qeyd edək ki, Belarus-Azərbaycan İcmaları Konqresi öz regional təşkilatları ilə birlikdə ölkənin Qrodno, Qomel və Bobruysk şəhərlərində də anım tədbirləri təşkil edib.