Azərbaycanlı yazıçıya yubiley medalı təqdim olunub

9 Dekabr, 2019

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Finlandiyada yaşayan azərbaycanlı yazıçı və tərcüməçi Tahirə Cəfərova ilə görüşüb. Görüş zamanı yazıçı Finlandiyada davam etdirdiyi yaradıcılığı və əldə etdiyi nailiyyətlər barədə ətraflı danışıb.

Dövlət Komitəsinin sədri Azərbaycan ədəbiyyatını və onun görkəmli nümayəndələrini yaşadığı ölkədə böyük peşəkarlıqla təbliğ etdiyinə görə Prezident İlham Əliyevin onu “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalı ilə təltif etməsi münasibətilə təbrik edib. Daha sonra Tahirə Cəfərovaya yubiley medalını təqdim edərək, gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Qeyd edək ki, T.Cəfərova 1984-cü ildən Finlandiyada yaşayır. Avropa Ədəbi Tərcüməçilər İttifaqının (SİETL), Finlandiya və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. “Nigar” şeirlər kitabının, “Sarı cins” məcmuəsinin, “Köhnə Bakı əfsanələri və Suomiyə yol” povestinin müəllifidir. Ədəbiyyat nümunələrimizi fin dilinə tərcümə etməklə yanaşı, “Gövhəri la məkan mənəm”, “Mən balıq qulağında gizli mirvariyəm” və azərbaycanlı şairələrin antologiyalarının Finlandiyada dərc edilməsinə nail olub. T.Cəfərovanın müəllifliyi ilə "Azərbaycan qadın şairləri antologiyası"na Məhsəti Gəncəvi, Xurşidbanu Natəvan, Ağabəyim Ağa, Mirvarid Dilbazi, Mədinə Gülgün, Nigar Rəfibəyli, Aşıq Pəri, Leyla Əliyeva və başqalarının əsərləri daxildir.