Dövlət Komitəsinin nümayəndə heyəti “Azİz”in qurultayında iştirak edib

26 Noyabr, 2019

Təl-Əvivdəki “Dan Panorama Oteli”nin konfrans zalında “Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının III qurultayı keçirilib.

Qurultayda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Milli Məclisin deputatı Rauf Əliyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının ictimai-siyasi şöbəsinin baş məsləhətçisi Mətanət Vaqiyeva, Knessetin deputatı Mark İfraimov, Avroasiya Yəhudi Konqresinin Baş Şurasının üzvü Matvey İlizarov, Quba rayon icra hakimiyyəti başçısının Qirmızı Qəsəbə üzrə nümayəndəsi Pisax İsakov və digər dövlət qurumlarının təmsilçiləri iştirak ediblər.

Qurultayı “Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının idarə heyətinin üzvü, Azərbaycan Mədəniyyət Evinin direktoru Yeganə Salman açıb. O, qurultaya hazırlıq üçün 26 ölkədən 105 nümayəndənin qeydiyyatdan keçdiyini bildirib və təşkilatın il ərzində gördüyü işlərdən danışıb.

Tədbirdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov qurultay iştirakçılarına rəhbərlik etdiyi qurumun gördüyü işlər barədə ətraflı məlumat verib, yeni layihələr və planlardan söz açıb. O, “Azİz” təşkilatının ölkə daxilində və beynəlxalq səviyyədə həyata keçirdiyi fəaliyyəti təqdir edərək, qurultay iştirakçılarına uğurlar arzulayıb.

Komitə sədri həmçinin İsraildə yaşayan Azərbaycan diasporunu birləşməyə, birgə əməkdaşlığa və mütəşəkkil fəaliyyətə çağırıb.

Daha sonra Dövlət Komitəsinin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə Milli Məclisin deputatı Rauf Əliyev və Knessetin deputatı Mark İfraimov çıxış ediblər. Natiqlər ölkələrimiz arasında əməkdaşlıq və strateji tərəfdaşlığın, hökumətlər və parlamentlərarası münasibətlərin yüksək səviyyədə inkişafından, diaspor təşkilatlarının birgə fəaliyyətinin önəmindən danışıblar.

Rəsmi çıxışlardan sonra “Azİz”ın idarə heyətinin üzvü, politoloq Yuri Boçarov təşkilatın illik hesabatını təqdim edib və təşkilati məsələlər barədə məlumat verib.

Qurultay səs çoxluğu ilə Lev Spivakı təşkilatın sədri vəzifəsinə seçib. O, göstərilən etimada görə qurultay iştirakçılarına minnətdarlığını bildirib və hər kəsə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbir konsert proqramı ilə başa çatıb.