Cəlil Məmmədquluzadənin 150 illik yubileyi münasibətilə silsilə tədbirlər təşkil edilib

25 oktyabr 2019

Tbilisidə görkəmli Azərbaycan yazıçısı Mirzə Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilib.
Tədbirlər Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının təşəbbüsü və Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilat-çılığı ilə gerçəkləşib. Öncə iştirakçılar Tbilisidəki Heydər Əliyev adına parkda Ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edərək, abidənin önünə gül dəstələri düzüblər.
Sonra Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri Sabit Məmmədov və Nəriman Əliyev, Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsaq Novruzov və Şura üzvləri ədibin Tbilisidəki ev muzeyini ziyarət edərək, oradakı mövcud vəziyyətlə tanış olublar.
Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə bağlı növbəti tədbir Gürcüstanın Milli Parlament Kitabxanasında keçirilib. Kitabxanada böyük ədibin həyat və yaradıcılığına həsr olunmuş elmi konfrans keçirilib. Tədbirdə səfir Dursun Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri Sabit Məmmədov və Nəriman Əliyev, Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev, Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin aparat rəhbəri Tina Ğoğeliani, azərbaycanlı və gürcü ziyalılar, Gürcüstanın Ağsaqqallar Şurasının üzvləri, tələbələr, Tbilisi şəhər şurasının, eləcə də kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.
Tədbir C.Məmmədquluzadənin həyat və yaradıcılığından bəhs edən videoçarxın nümayişilə başlayıb. Professor Mahmud Kamaloğlu ədibin həyat və yaradıcılığı, Qori müəllimlər seminariyasında təhsil alması haqqında məruzə ilə çıxış edib.
Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İ.Novruzov, səfir D.Həsənov və digərləri çıxışlarında ədibin 150 illik yubileyinin qeyd olunması ilə bağlı Prezident İlham Əliyevin sərəncam imzaladığını xatırladıblar. Natiqlər ədibin yubileyinin Gürcüstanda da geniş qeyd edilməsinin zəruriliyini onun uzun illər Tbilisidə yaşaması və yaradıcılığının ən məhsuldar dövrünü burada keçirməsilə əlaqələndiriblər. Yazıçının Azərbaycan ədəbiyyatında yeni mərhələnin yaradılmasında müstəsna xidmətlər göstərdiyi, müəllifi olduğu “Molla Nəsrəddin” jurnalının ilk sayının, məhz Tbilisidə nəşr edildiyi, Azərbaycan dramaturgiyasına parlaq pyeslər bəxş etdiyi, xalqa bağlılığı, ana dilinin saflığı uğrunda mübarizə apardığı, mətbuat mühitinə novatorluq gətirdiyi, ictimai-siyasi rəyin formalaşmasında böyük rol oynadığı vurğulanıb.
Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin aparat rəhbəri Tina Ğoğeliani Azərbaycanın böyük yazıçısının 150 illik yubileyinin Gürcüstan üçün də önəmli tarix olduğunu, onun yaradıcılığının gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd edib.
Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə bağlı tədbirlər Gəncə Dövlət Dram Teatrının aktyor heyətinin ədibin “Dəli yığıncağı” tamaşasını Tbilisi Dövlət Akademik Rus Dram Teatrında nümayiş etdirməsilə yekunlaşıb.