Polşada səfərdə olan Disporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti əvvəlcə Azərbaycan Ticarət Evinə baş çəkib və onların fəaliyyəti ilə yaxından tanış olublar. Qonaqları Ticarət evinin rəhbəri Nemət Nağdəliyev qarşılayıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov onlara işlərində uğurlar arzulayıb və Azərbaycanın dünyada tanıdılması üçün dövlət siyasətinin tərkib hissəsi olan “Made in Azerbaijan” brendinin geniş auditoriyaya çatdırılmasında Polşadakı Azərbaycan Ticarət Evinin böyük rolu olduğuna əminliyini ifadə edib. O, qeyd edib ki, bu sahədə Polşada fəaliyyət göstərən Azərbaycan diasporunun da öz töhfələri olacağı şəksizdir.
Görüşdə Azərbaycan Respublikasının Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov çıxış edib.
Daha sonra nümayəndə heyəti Azərbaycan və Polşa xalqlarının qəhrəman övladları - Varşavadakı Azərbaycan ordusunun hərbi xadimi, general-leytenant M.Sulkeviçin və Polşa ordusunun hərbi xadimi, polkovnik Vəli bəy Yadigarın abidələrini ziyarət edərək, abidə qarşısına çələng qoyublar.
Qeyd olunub ki, bu abidə xalqlarımız arasında möhkəm dostluğun ən gözəl nümunələrindən biridir.
Tədbirin sonunda H.Həsənov Azərbaycanın Polşadakı səfirliyinin xalq qəhrəmanlarının şərəfinə təsis etdiyi rəmzi medalı Fuad Muradova təqdim edib.