Kalqaridə Azərbaycan Mədəniyyəti Günü keçirilib

02 oktyabr 2019

Kanadanın Kalqari şəhərində Azərbaycan Mədəniyyəti Günü keçirilib. Tədbir Alberta Azərbaycan Mədəniyyət Cəmiyyətinin (ALACS) təşkilati dəstəyilə baş tutub.

"Azərbaycana mədəni səyahət: Nar bağı" mövzusuna həsr olunan tədbir şəhərin mərkəzində yerləşən Plaza Teatrında keçirilib. Tədbir zamanı yerli əhaliyə və qonaqlara milli musiqi, rəqs, geyim, mətbəx nümunələri, eləcə də təbii nar şirələri təqdim olunub.

Daha sonra rejissor İlqar Nəcəfin "Nar bağı" filmi nümayiş edilib. Film tamaşaçılarda böyük maraq doğurub.
ALACS artıq üçüncü dəfədir ki, Kalqari şəhərində Azərbaycan Mədəniyyəti Günləri təşkil edir. 2016-2017-ci illərdə soydaşlarımız milli-ənənəvi moda şousu və Azərbaycan toyu mövzularına müraciət etmişdilər.