EN
RU

Soydaşlarımız Rusiyada deputat seçilib

Rusiya Federasiyasının Krasnoyarsk diyarındakı Azərbaycan icmasının rəhbəri Taleh Mahmudov Krasnoyarsk Şəhər Şurasına keçirilən seçkilərdə qalib gəlib. Taleh Mahmudov diaspor fəaliyyəti ilə yanaşı, Krasnoyarsk şəhərinin ictimai-siyası və mədəni həyatında da aktiv rol oynayır. Soydaşımız dəfələrlə, xidmətlərinə görə, şəhər rəhbərliyi tərəfindən mükafatlandırılıb.
Qeyd edək ki, Taleh Mahmudov 1961-ci ildə Azərbaycanın Ağsu rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra Krasnoyarsk Dövlət İnşaat İnstiutu¬tunda ali təhsil alan soydaşımız 30 ildən çoxdur bu şəhərdə yaşayır.
Rusiya Federasiyasının Saxa (Yakutiya) Respublikasında yaşayan soydaşımız Əliş Zabid oğlu Məmmədov 9 sentyabrda keçirilən seçkilərdə 3-cü dəfə Saxa Dövlət Məclisinin - İl Tümen-in üzvü seçilib.
Əliş Məmmədov 10 fevral 1958-ci ildə Şəki rayonunun Oraban kəndində doğulub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu (indiki Memarlıq və İnşaat Universitetini) bitirdikdən sonra Sovet Ordusunda hərbi xidmət keçib. Tikinti sektorunda müxtəlif vəzifələrdə çalışan Ə.Məmmədov 1989-cu ildən “YakutSement”in baş direktorudur.
Uluslararası İnşaat Akademiyasının müxbir üzvü olan Ə.Məmmədov Saxa Respublikasının əməkdar inşaatçısıdır. Dəfələrlə müxtəlif dövlət, hökumət təltiflərinə layiq görülüb. Saxa Respublikasında xeyriyyəçi kimi geniş şöhrət qazanan soydaşımız İl Tümenə keçirilən IV, V və VI seçkilərdə deputat seçilib.
Azərbaycanın adını həmişə uca tutan Əliş Məmmədovun milli-mədəni irsimizin təbliğində böyük xidmətləri var.
Seçkilərdə uğur qazanan soydaşlarımızdan biri də Bəhruz Hümbətovdur. RF-nin Udmurtiya Respublikasının paytaxtı İjevsk şəhərində azərbaycanlıların “Dostluq” Cəmiyyətinin sədr müavini B.Hümbətov İjevsk şəhər Dumasının deputatı seçilib.
Rusiyada yaşayan həmyerlimiz, tanınmış idmançı Çingiz Əliyev parlament seçkilərində iştirak edərək uğur əldə edib. RF-nın Tıva Respublikasının Karate Federasiyasının rəhbəri, Respublikanın yığma komandasının baş məşqçisi və ictimai xadim, Rusiyada Azərbaycan diasporunun fəal üzvü Çingiz Əliyev "Vahid Rusiya" partiyasından namizədliyini irəli sürüb və deputat seçilib.