Dövlət Komitəsində İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüş keçirilib

19 Sentyabr, 2019

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Müriel Peneveyre ilə görüşüb.

Görüşdə Avropada yaşayan azərbaycanlıların, müxtəlif ölkələrdəki diaspor təşkilatlarının və Azərbaycandakı icmaların fəaliyyəti barədə danışılıb.

Komitə sədri DİDK-də son illər görülən işlər, aparılan diaspor siyasəti haqqında məlumat verib, xaricdə yaşayan və təhsil alan soydaşlarımızın yaşadığı cəmiyyətlərə inteqrasiya olunmaları və eyni zamanda Azərbaycanla da əlaqələrinin möhkəmliyi üçün həyata keçirilən irimiqyaslı layihələr barədə məlumat verib.

Təmsil etdiyi ölkənin diaspor siyasətindən danışan səfir Müriel Peneveyre qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Qeyd olunub ki, hər iki ölkənin müvafiq strukturları arasında əməkdaşlığın genişlənməsi, bu cür fikir mübadilələrinin ardıcıl və sistemli olması mühüm əhəmiyyət kəsb edir.