Tatarıstan Xalqlarının Dostluq Evində azərbaycanlı politoloq, tarixçi və publisist Teymur Atayevin “Abdulla Tuqayın çoxcəhətliyi və ya əbədi uçuş” kitabının təqdimat mərasimi keçirilib.
“Azərbaycan” milli-mədəni muxtariyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Tatarıstanın Dövlət Şurasının, Mədəniyyət Nazirliyinin, Kazan şəhər meriyasının, Tatarıstan Xalqlarının Assambleyası və Dostluq Evinin nümayəndələri, diaspor fəallarımız iştirak ediblər.
Tədbiri açan mədəniyyət naziri İradə Əyyubova qeyd edib ki, tatarları və azərbaycanlıları birləşdirən çoxlu cəhətlər var və bu cür kitabların nəşri xalqlarımıza öz uyğunluğunu itirməmək imkanı yaradır.
Nazirin fikri ilə razılaşan Teymur Atayev bildirib ki, XIX əsrdə və XX əsrin əvvəllərində tatarlarla azərbaycanlıların ictimai-siyasi həyatı öxşar istiqamətlər üzrə inkişaf edib. Bundan başqa, tatar xalqının böyük oğlu haqqında azərbaycanlı politoloqun kitabının Tatarıstanın paytaxtında təqdim olunması yeni müstəviyə nail olmaqdır.
O, vurğulayıb ki, A.Tuqayla bağlı tədqiqatın aparılması və kitabın hazırlanması prosesi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi nəticəsində mümkün olub.
Tədbir müəllifin sualları cavablandırması və xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.
Qeyd edək ki, müəllif tatar şairi, ədəbi tənqidçisi, publisisti Abdulla Tuqayın yaradıcılığını sosial-siyasi vəziyyətin təsvir edilən mövcud və əvvəlki dövrlərinin prizmasından nəzərdən keçirib. Şairin ədəbi paradiqmasının tatar xalqının ictimai-tarixi inkişafı ilə həmahəng olduğu, sosiumda baş verən dəyişiklikləri əks etdirməsi bu konteksdə açıqlanır. Kitabda aydın görünür ki, bütün həyat və fəaliyyəti boyu şairi səmimilik və güzəştə getməmək hərəkətə gətirib, bunun cövhərini isə onun öz xalqına olan hədsiz məhəbbəti təşkil edib. Eyni zamanda şairin millilik çərçivəsinin fövqündə durduğu, onun bütün insanların milli və dini mənsubiyyətdən asılı olmayaraq problemsiz yaşamağa qadir olduqlarına əminliyi nəzərə çarpır. Tədqiqat işində Abdulla Tuqayla Ömər Xəyyam, həmçinin XIX əsrin görkəmli Azərbaycan maarifçiləri arasında maraqlı paralellər aparılıb.