Şairələrimizin əsərləri fin dilində nəşr edilib

19 Avqust, 2019

Azərbaycanlı şairələrin əsərlərinin antologiyası Finlandiyanın “Palladium kiryat” nəşriyyatında çap olunub.

Kitab XII əsrdən müasir dövrümüzə qədər olan müddəti əhatə edir. Buraya klassiklərimiz Məhsəti Gəncəvi, Xurşidbanu Natəvan, Ağabəyim ağadan tutmuş sovet dönəminin şairələri Nigar Rəfibəyli, Mirvarid Dilbazi və digərləri daxildir. Müasir Azərbaycan lirikasını filologiya üzrə fəlsəfə doktoru, “Kaspi” mətbuat və təhsil mərkəzinin təsisçisi Sona Vəliyeva təmsil edib. Məcmuəni gənc şairə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirləri tamamlayıb. Onun “Gedim, azca ağlayım” şeirindən sətir kitabın başlığı üçün seçilib.

Payızda antologiyanın təqdimat mərasiminin Bakıda və Helsinkidə keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, layihəni soydaşımız Tahirə Cəfərova həyata keçirib. O, ilk dəfə deyil ki, fin xalqını ədəbiyyatımızla tanış edir. Bu, onun ikinci böyük işidir. 2016-cı ildə onun tərcüməsi əsasında Azərbaycan poeziyasının “Mən balıq qulağında gizli mirvariyəm” antologiyası nəşr olunub.