Surqut hava limanı həmyerlimiz Fərman Salmanovun adını daşıyacaq

31 may 2019

Rusiyanın dövlət başçısı Vladimir Putinin imzaladığı sərəncama əsasən, bu ölkənin hava limanlarına tanınmış şəxslərin adları verilib.

Yerli KİV-lərin yaydığı məlumata görə, siyahıda Qərbi Sibirin Tümen vilayətinin nəhəng neft və qaz yataqlarını kəşf etmiş məşhur azərbaycanlı geoloq Fərman Salmanovun da adı var. Həmyerlimizin adı Surqut hava limanına verilib.

Xatırladaq ki, Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirdikdən sonra F.Salmanov Rusiyanın Xantı-Mansiysk muxtar dairəsinin Surqut rayonunda neft-qaz yataqlarının kəşfiyyatı ilə məşğul olub. F.Salmanovun adı Sibirin neft yataqlarını kəşf etmiş geoloq kimi tarixə düşüb.

O, Sosialist Əməyi Qəhrəmanı adına, Lenin və Qırmızı Əmək Bayrağı ordenlərinə, Rusiya Federasiyasının Əməkdar geoloqu və digər fəxri adlara layiq görülüb, Surqut şəhərinin və ABŞ-ın Texas ştatının fəxri vətəndaşı olub.