Salonikidə Azərbaycana həsr olunmuş silsilə tədbirlər keçirilib

21 may 2019

Mayın 13-dən 19-dək Salonikidə “Azərbaycan günləri” tədbirlər silsiləsi keçirilib.

“QALA” Yunanıstan – Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı, Saloniki Şəhər Bələdiyyəsinin və Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə keçirilən tədbirlər “Multilinqual Dil Festivalı” layihəsi çərçivəsində baş tutub.

Tədbirlər Azərbaycanın paytaxtı Bakı şəhərinin tarixini və mədəni dəyərlərini əks etdirən “Bakı – Xəzərin mirvarisi” adlı fotosərginin açılışı ilə başlayıb. Sərgidə müasir Bakının mənzərəsi əks olunan fotolar nümayiş etdirilib. Saloniki şəhər bələdiyyə sədri Yannis Butaris və digər dövlət məmurları sərgi ilə tanış olublar.

Digər tədbir isə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunub. “Nəsimi – 650” təqdimatı zamanı şairin həyat və yaradıcılığı barədə məlumat verilib, “Nəsimi” filmindən fraqmentlər nümayiş olunub. Təqdimat maraqla qarşılanıb.

Festival zamanı “QALA” cəmiyyəti 18 may – Beynəlxalq Muzey Günü çərçivəsində Azərbaycan muzeylərinin təqdimatını da keçirib. Tədbirdə bildirilib ki, Azərbaycanda 201 muzey fəaliyyət göstərir. Cəmiyyət hər bir muzey barədə festival iştirakçılarına ətraflı məlumat verib.

28 May – Respublika Gününün qeyd olunmasına həsr olunmuş təqdimat isə “Azərbaycan Günləri” tədbirlər silsiləsində xüsusi yer tutub. “QALA” Yunanıstan – Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov festival iştirakçıları qarşısında çıxış edərək bildirib ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində qurulan ilk demokratik respublika kimi Azərbaycan bir sıra dövlətlər tərəfindən tanınmışdı. O, qeyd edib ki, Cümhuriyyət 23 aylıq mövcudluğu dönəmində irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlara bərabər seçki hüququnu tanımaqla yanaşı, müsəlman dünyasında ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsini təmin etmişdi.

Festival ərzində ölkəmizin turizm imkanlarına həsr olunmuş video-çarx nümayiş olunub, milli musiqimiz və muğamdan ibarət konsert proqramı, eləcə də milli mətbəximizin nümunələri təqdim olunub.