Beynəlxalq Miqrasiya Təşkilatının İspaniya nümayəndəliyi soydaşlarımızı dəstəkləməyə hazırdır

21 may 2019

Mayın 20-də Madriddə Beynəlxalq Miqrasiya Təşkilatının İspaniya üzrə rəhbəri Mariya Xesus Herrera bu ölkədə səfərdə olan Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin üzvlərini qəbul edib.

Görüş zamanı Mariya Xesus Herrera globallaşmanın Avropa ölkələrinə, eləcə də İspaniyaya təsirlərindən danışaraq, miqrantların məskunlaşması probleminin ölkəsinin sosial-mədəni həyatına təsir etdiyini söyləyib. O, qeyd edib ki, Beynəlxalq Miqrasiya Təşkilatı və İspaniya üzrə nümayəndəlik miqrantların yeni cəmiyyətə inteqrasiyası naminə çoxsaylı birgə tədbirlər və layihələr həyata keçirir.

Diasporla İş üzrə Dövlət Komitəsinin Avropa və Amerika ölkələri, eləcə də İsrail üzrə şöbə müdiri Səlhət Abbasova Azərbaycanın siyasi-iqtisadi inkişafı, multukultural ənənələri və tolerant mühiti haqqında məlumat verməklə yanaşı, Ermənistanının xalqımızın həyatına və inkişafına böyük zərbə vurmuş təcavüzkar siyasətinin nəticələrini xatırladıb. O, miqrantların məskunlaşdıqları ölkələr və vətənləri arasında möhkəm körpü qurülması üçün motivasiyaların və imkanların lazımınca dəyərləndirilməsinin, İspaniyada yaşayan azərbaycanlıların buradakı cəmiyyətə sıx inteqrasiyası məqsədilə dəstəkverici tədbirlərin təşkilinə köməklik göstərilməsinin vacibliyini vurğulayıb.

Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev rəhbərlik etdiyi qurumun fəaliyyəti, dünyanın bir çox ölkələrindən cəlb olunmuş gənc soydaşlarımızın iştirakı ilə keçirilən Diaspor Gənclərinin Yay Düşərgəsi haqıında məlumat verib. O, qeyd edib ki, Fond mühacir həyatı yaşayan soydaşlarımızın Vətənlə əlaqələrinin qorunması, sosial-mədəni layihələrin həyata keçirilməsi ilə bağlı müraciətlərinə davamlı dəstək verir.

Mariya Xesus Herrera söyləyib ki, İspaniyada təqribən 3000-ə yaxın azərbaycanlının yaşadığı haqqında məlumata malikdir. O, məmnunluqla qeyd edib ki, başçılıq etdiyi nümayəndəlik Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycanın İspaniyadakı səfirliyi və diaspor təşkilatları ilə əməkdaşlıq etməyə, İspaniyada yaşayan Azərbaycan icmasına müvafiq məsələlərinin həllində dəstək olmağa hazırdır.