Soydaşlarımız ermənilərin MDU təxribatının qarşısını alıblar

Sosial şəbəkələrdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin erməni tələbə təşkilatının mayın 7-də "Şuşanın azad olunması günü" münasibətilə qondarma "Qarabağ fədailəri" ilə görüş keçirdikləri haqqında məlumatın yayılması Rusiyada yaşayan soydaşlarımızda hiddət doğurub.

Moskvanın Azərbaycan İcması, Rusiya-Azərbaycan Gənclər təşkilatı və digər diaspor qurumları erməni diasporunun Azərbaycana qarşı təxribat hazırlığı ilə bağlı müvafiq dövlət strukturlarına müraciət edib.

Həmin məlumatlarda MDU kimi mötəbər ali məktəbin həmin tədbirin tərəf müqabili, həmtəşkilatçısı kimi təqdim olunması Azərbaycanın Rusiyadakı səfirliyini də narahat edib. Bununla əlaqədar olaraq, səfirlik MDU-nun rəhbərliyinə müraciət edib.

MDU-dan verilən məlumatda birmənalı şəkildə bildirilib ki, həmin hadisəyə aidiyyətləri yoxdur və bu cür tədbirlərin ali məktəbin divarları daxilində keçirilməsi, ümumiyyətlə, yolverilməzdir.

Eyni zamanda, səfirliyin həmin məsələyə dair narahatlığını nəzərə alan universitet rəhbərliyi tədbir təşkilatçıları ilə söhbət aparıb və nəticədə informasiya sosial şəbəkələrdən yığışdırılıb.

Azərbaycanın Rusiyadakı Səfirliyi bu ölkədə yaşayan azərbaycanlı ictimaiyyətinin bütün nümayəndələrinə öz vətəndaş mövqelərini nümayiş etdirdiklərinə görə təşəkkürünü bildirib.