Finlandiyanın bələdiyyə rəsmisinə Şuşadan danışılıb...

Şuşanın işğalının 27-ci ili ərəfəsində Finlandiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları həmsədrlərinin Lahti şəhər bələdiyyə məclisinin SDP-dən olan üzvü, Avropa Parlamenti seçkilərində namizəd kimi iştirak edəcək Alettin Basboga ilə görüşü keçirilib.

Görüşdə Finlandiya Azərbaycanlıları Assosiasiyasının sədri Vasif Muradlı, Azərbaycanlı Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtay, Finlandiya Azərbaycan Gənclər Birliyi Təşkilatının sədri Nəzrin Məcidli və sədr müavini Ayla Zülfi iştirak ediblər.

V.Muradlı bildirib ki, görüşdən məqsəd Azərbaycan həqiqətlərinin Finlandiyada yayılması, Dağlıq Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu fin ictimaiyyətinə catdırmaqdır.

Arzu Oqtay Daglıq Qarabağın işğal tarixindən ətraflı məlumat verib. O, bildirib ki 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş Xocalı soyqırımından sonra mayın 8-d Qarabağın dilbər guşəsi olan Şuşa şəhəri işğal olunub: ”Bu il Şuşanın işğalından 27 il ötür”.

A.Oqtay Qarabağ haqqında kitabları və xəritəni cənabA.Basbogaya təqdim edib və bildirib ki, diaspor təşkilatlarımız seçkilərdən sonra Finlandiyada formalaşacaq yeni hökumətlə də daim sıx əlaqələr quracaqlar. Məqsəd – Xocalı soyqırımının tanıdılması və bu faciəyə hüquqi qiymət verilməsi üçün parlamentdə müzakirələrin keçirilməsinə nail olmaqdır.

Nəzrin Məcidli qeyd edib ki, gənclər təşkilatı olaraq təmsil olunduqları partiyada daha çox işlər görməyə çalışırlar. Hədəfləri isə gələcək bələdiyyə seçkilərində qələbə qazanmaq və Finlandiyanın dövlət qurumlarında azərbaycanlı gənclər kimi təmsil olmaqdır.

Ayla Zülfi deyib ki, məhs bu yolla onlar Azərbaycan həqiqətlərini yaşadıqları bu ölkədə daha çox yaymaq imkanına malik olacaqlar.

A.Basboga bildirib ki, Finlandiya dövləti və siyasətçiləri Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyir və Azərbaycanın yanındadır. Finlandiya Azərbaycanla hər sahədə mütamadi olaraq əməkdaşlıq edir.

O, Avropa Parlamenti seçkilərində qalib gələcəyi təqdirdə azərbaycanlı nümayəndələrin hər birinin problemləri ilə maraqlanacağına söz verib. Azərbaycan diaspor nümayəndələri isə Avropa Parlamenti seçkilərində A.Basboganı dəstəkləyəcəklərini vurğulayıblar.