Rusiya Prezidenti soydaşımızı ordenlə mükafatlandırdı

Rusiyada yaşayan azərbaycanlı Ruslan Bayramov “Vətən qarşısında xidmətlərə görə” ordeninin II dərəcəli medalı ilə təltif edilib.
Bu barədə Prezident Vladimir Putinin fərmanının mətni hüquqi informasiya rəsmi internet-portalında yerləşdirilib. Soydaşımız bu mükafata Rusiyanın mədəni və tarixi irsinin qorunması və təbliği sahəsində fəaliyyətinə görə layiq görülüb.
Qeyd edək ki, Ruslan Bayramov Kaluqa vilayətində həyata keçirilən “ETNOMİR” layihəsinin rəhbəri və “Mədəniyyətlərin dialoqu-vahid dünya” Beynəlxalq Xeyriyyə Cəmiyyətinin prezidentidir. Unikallığı ilə seçilən "ETNOMİR” mədəniyyət-təhsil turizm mərkəzi dünya xalqlarının həyat tərzi, ənənələri və mədəniyyəti ilə tanış olmaq imkanı verir. Bu layihə çərçivəsində Gədəbəyin Novoivanovka kəndində 2006-ci ildə rus mədəniyyət muzeyi istifadəyə verilib.
Xatırladaq ki, R.Bayramov Azərbaycanın Gədəbəy rayonunun Novoivanovka kəndində anadan olub.