Qırğızıstanın rəsmi dövlət qəzeti Xocalı soyqırımı haqda yazdı

Qırğızıstan Respublikasının rəsmi dövlət mətbu orqanı olan “Erkin Too” qəzeti fevral ayının 25-də “Türkdilli dövlətlərin siyasətinə dəstək fondu”nun Bişkek şəhəri Mərkəzləşdirilmiz Kitabxanalar Şəbəkəsində keçirdiyi Xocalı soyqırımı ilə əlaqədar tədbir haqda məlumat verib.
Məlumatda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Rusiyanın 366-cı motoatıcı alayının birbaşa iştirakı və dəstəyi ilə Xocalı şəhərini işğal etməsi, etnik azərbaycanlılara qarşı soyqırım törədildiyi qeyd edilib.
Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 Xocalı sakininin qətlə yetirilməsi, 8 ailənin tamamilə məhv edilməsi, 25 uşağın hər iki valideynini, 130 uşağın isə valideynlərindən birini itirməsi haqda xəbər verilib. Bundan başqa düşmən gülləsindən 76-sı uşaq olmaqla 487 nəfərin yaralandığı, 1275 nəfərin əsir götürüldüyü, əsir götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyinin bu günədək məlum olmadığı faktları qəzetdə gedən məlumatda öz əksini tapıb.