Yəhudi icmasının rəhbəri: beynəlxalq ictimaiyyət Xocalı soyqırımına siyasi-hüquqi qiymət verməlidir

Niderland Krallığının Rotterdam şəhərində Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb. Azərbaycan Respublikasının Niderland Krallığındakı müvəqqəti işlər vəkili Cəlal Mirzəyevin, Azərbaycan, türk və yəhudi diaspor nümayəndələrinin iştirak etdiyi anım tədbirində soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, tədqiqatçı jurnalist Səriyyə Müslümqızının “Onlar heç vaxt böyüməyəcəklər” filmi nümayiş olunub.
BAK-ın baş məsləhətçisi Lamiyə Babayeva qonaqlara holland dilində Xocalı soyqırımı haqqında qısa məlumat verib. Daha sonra BAK sədri Elsevər Məmmədov cıxış edərək bildirib ki, Azərbaycan tarixinə dəhşətli və faciəli səhifə kimi daxil olan Xocalı soyqırımı, eyni zamanda insanlıq tarixinin ən qorxulu terror aktlarından biridir.
Cəlal Mirzəyev öz çıxışında Azərbaycan xalqının son 200 il ərzində erməni millətçiləri tərəfindən davamlı olaraq etnik təmizləməyə və soyqırımı siyasətinə məruz qaldığını vurğulayıb.
Niderland Krallığındakı Yəhudi icmasının rəhbəri Qriqorij Pasternak isə qeyd edib ki, Xocalı soyqırımının epizodları insanı dəhşətə gətirir: “Bu cinayət cəzasız qalmamalı, beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Xocalı soyqırımına, əsl soyqırımı hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidir”.
Tədbirdə çıxış edən BAK fəalları Ofeliya Babayeva, Sima Cəfərova, Belçika-Hollandiya Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Mayisə Ağamirzəyeva və başqaları əsrlər boyu Azərbaycan xalqına qarşı aparılmış etnik təmizləmə siyasətinin sovet dövründə də davam etdiyini bildiriblər. Qeyd olunub ki, 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilib. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulub və bununla da Ermənistan monoetnik dövlətə çevrilib.
Çıxışlardan sonra tədbir bədii hissədə davam etdirilib, Rotterdam və Amsterdamda fəaliyyət göstərən həftəsonu Azərbaycan məktəblərinin hazırladığı qısametrajlı film nümayiş olunub.