E-mail:

info@diaspor.gov.az

EN
RU

Ukraynada bir ailəni xilas edən azərbaycanlı qardaşlar mükafatlandırılıb

Ukraynanın Nikolayev vilayət şurasının başçısı Viktoriya Moskalenko yanan avtomobildən bir ailəni xilas etmiş azərbaycanlı qardaşlar – Ümid və Sabir Şirinovları “Müqəddəs Nikolay Xaçı” ordeni ilə mükafatlandırıb. Şuranın mətbuat xidmətinin yaydığı məlumata görə, yanan avtomobildən 3 yaşlı Maksimi və onun valideynlərini xilas edən Şirinovlar ailənin bütün xəstəxana xərclərini də özləri qarşılayır.
Ukrayna Azərbaycanlıları Konqresinin üzvləri olan qardaşların mükafatlandırma mərasimi zamanı Moskalenko onlara minnətdarlığını bildirib: “Hörmətli Ümid və Sabir! Mən sizə ürəkdən təşəkkürümü bildirmək istəyirəm. Bütün Nikolayev sizin necə qəhrəmanlıq göstərdiyinizdən danışır. Mən fəxr edirəm ki, siz Nikolayevdə yaşayırsınız və bizim həmyerlimiz, cəmiyyətimizin bir üzvüsünüz. Bölgədə yaşayan bütün milli azlıqların dostluğunu dəstəkləyirəm”.
Ümid və Sabir isə özlərini qəhrəman hesab etmədiklərini, sadəcə həmin anda lazım olan addımı atdıqlarını deyiblər: “Yanan maşından çıxardığımız qadın ərini xilas etməyimizi istədi. O, avtomobildə sıxılıb qalmışdı. Alov isə qaz balonuna doğru gəlirdi. Biz onun ərini qaldırıb avtomobildən çıxaran kimi partlayış oldu”.
Qeyd edək ki, hadisə yanvarın 19-da baş verib. Ailə hazırda xəstəxanada müalicə olunur.