Bakı Beynəlxalq Muğam Mərkəzində İdo Netanyahunun pyesinin premyerası keçirilib

İsrailli yazıçı İdo Netanyahunun “Məna axtarışında” pyesi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərindəki Beynəlxalq Muğam Mərkəzində tamaşaya qoyulub. Quruluşçu rejissoru İlqar Safat olan bu əsər tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Premyeranın açılışında çıxış edən istedadlı rejissor İlqar Safat “Məna axtarışında” pyesinin əhəmiyyətini vurğulayaraq bildirib ki, pyesdə Holokost dəhşətlərini görmüş, faşistlərin dörd cəza düşərgəsindən salamat çıxmış və psixologiyada loqoterapiya adlı yeni cərəyan yaratmış məşhur psixoloq, görkəmli alim Viktor Franklın həyatından bəhs edilir. Premyerada İsrailin Azərbaycandakı səfiri Dan Stav, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qut və digərləri çıxış edərək İsrail-Azərbaycan münasibətlərinin formalaşması və inkişafından danışıb, pyesin premyerasının təşkili ilə bağlı minnətdarlıqlarını bildiriblər. Vurğulanıb ki, İdo Netanyahunun pyesləri Təl-Əviv, Nyu-York, Sankt-Peterburq, Moskva və Daşkənd şəhərlərinin səhnələrində də tamaşaya qoyulub.
Qeyd edək ki, tədbir İsrail mətbuatında da geniş işıqlandırılıb. İsraildə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində və TV-9 televiziyasında bu haqda geniş məlumat verilib.