E-mail:

info@diaspor.gov.az

EN
RU

Xarkov şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunun təşəbbüsü ilə keçirilən tədbirdə ölkəmizin Ukraynadakı səfirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin, Xarkov Vilayət Dövlət Administrasiyasının və Sumı Vilayətinin Deputatlar Şurasının rəsmi nümayəndələri, Azərbaycan və Ukrayna parlamentariləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, diaspor və media təmsilçiləri iştirak ediblər.
Tədbirə qatılanları 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibətilə təbrik edən Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov müstəqil Azərbaycan dövlətinin qurulmasında və dünya azərbaycanlılarının milli məfkurə ətrafında birləşməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Qeyd edib ki, Ulu Öndər 27 il bundan əvvəl Dünya Azərbaycanlılarının Həmrəylik Gününü tarixə salmaqla, dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox soydaşımızı, sözün əsl mənasında, milli azərbaycançılıq ideologiyası ətrafında birləşdirib. Dahi Heydər Əliyev ideologiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən fəxri konsul, son illər Azərbaycanın böyük inkişaf yolu keçdiyini, xalqımızın öz maddi və mənəvi dəyərlərinin sahibinə çevrildiyini diqqətə çatdırıb.
Sumı Vilayət Radasının sədri Vladimir Tokar, Ukrayna Ali Radasının deputatı Oleq Medunitsa, Azərbaycan Milli Məclisinin deputatı Rüfət Quliyev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Faiq Quliyev, Azərbaycanın Ukraynadakı səfirliyinin nümayəndəsi Samir Allahverdiyev və diaspor rəhbərləri tədbirdə çıxış edərək Azərbaycan ilə Ukrayna arasındakı tarixi dostluq əlaqələrindən söz açıblar.
Tədbir çərçivəsində Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunda Azərbaycan ilə Ukrayna arasındakı elmi, humanitar əməkdaşlığın perspektivləri mövzusunda “dəyirmi masa” keçirilib. Xarkov və Sumı vilayətlərində fəaliyyət göstərən bir sıra ali təhsil ocaqları rəhbərlərinin iştirak etdikləri tədbirdə ölkələrimiz arasında elm, mədəniyyət və humanitar sferalarda əlaqələrin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.