EN
RU

Azərbaycan diasporu “Litva naminə...” mahnı bayramında iştirak edib

Litvanın Dövlətçilik günündə Vilnüsdə təşkil olunmuş mahnı bayramının iştirakçıları Kafedral meydandan Vinqis parkına qədər təntənəli yürüş keçiriblər. Bu il ilk dəfə olaraq ölkənin milli azlıqlarının təşkilatları da həmin yürüşdə iştirak ediblər. 2018-ci ildə keçirilən yubiley - iyirminci mahnı bayramı Litva dövlətinin müstəqilliyinin bərpasının 100 illiyinə həsr edilib. Builki bayramın devizi Litvanın dövlət himni kimi qəbul edilmiş “Milli mahnı”nın “Litva naminə...” sözləridir.

Litvanın bu ənənəvi ümummilli bayramında Litva Azərbaycanlıları İcmasının sədri, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü Mahir Həmzəyev başda olmaqla Azərbaycan diasporunun nümayəndələri və Litva ali məktəblərində təhsil alan tələbələr də iştirak ediblər.

Vilnüsün on minlərlə sakini və Litva paytaxtının qonaqları həmvətənlərimizi çox səmimi qarşılayıblar. Bu mühüm tədbirdə bizim diasporun uğurlu iştirakı Azərbaycanın Litvadakı səfirliyinin təşkilatı dəstəyi ilə baş tutub.

Mahnı bayramı Litvada ənənəvi mədəni tədbirdir. 1924-cü ildən bəri Vilnüsdə orta hesabla hər beş ildə bir dəfə keçirilən bu festivalda milli mahnı kollektivləri, xorlar, rəqs kollektivləri və folklor yaradıcılıq qrupları iştirak edirlər. Analoji bayramlar Latviyada və Estoniyada da təşkil olunur. 2008-ci ildə hər üç Baltikyanı dövlətin mahnı və rəqs bayramları UNESCO-nun Mədəni İrs Siyahısına daxil edilib.

Vinqis parkındakı bayramın sonuncu günündə tədbirin bütün iştirakçıları və tamaşaçılar birlikdə “Milli mahnı”nı ifa ediblər. Vinqis parkında himni oxuyan insanların ümumi sayı təxminən 12 min nəfər olub.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs