Tbilisidə “Bu Şəhərdə”nin konserti təşkil olunub

“Tbilisi Konsert Hall” Sarayında Azərbaycanda fəaliyyət göstərən “Bu Şəhərdə” komediya teatrının aktyorları Coşqun Rəhimov və Rəfael İsgəndərovun iştirakı ilə konsert proqramı təşkil olunub. Prodüsser Müşfiq Abbasovun müəllifi olduğu “Kef al” konsert proqramı “SOCAR-Georgia” şirkətinin dəstəyi ilə baş tutub.
Konsertdə “SOCAR”ın Gürcüstan nümayəndəliyinin rəhbəri, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi, Gürcüstan parlamentinin deputatları və digər rəsmi şəxslər, həmçinin Gürcüstanda yaşayan azərbaycanlılar iştirak edib.
Tədbirin açılışında çıxış edən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Anar Rəsulov 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Komitə rəhbərliyinin soydaşlarımıza təbriklərini çatdırıb. O, dünyada, o cümlədən Gürcüstanda yaşayan azərbaycanlıların təşkilatlanması, onların arasında həmrəyliyin daha da möhkəmlənməsi, sosial müdafiəsinin, yaşadıqları ölkənin ictimai-siyasi həyatına inteqrasiyanın təmin edilməsi istiqamətində Dövlət Komitəsi tərəfindən zəruri tədbirlər həyata keçirildiyini bildirib.
Daha sonra tədbir konsert proqramı ilə davam edib.
Qeyd edək ki, “Bu şəhərdə” komediya teatrı indiyədək Rusiya, Böyük Britaniya, və Gürcüstanda qastrol səfərlərində olub. Yeni ildə Tbilisidə daha bir konsert proqramının təşkili planlaşdırılır.