E-mail:

info@diaspor.gov.az

EN
RU

Melburnda Azərbaycan bayrağının qaldırılması tədbiri keçirilib

9 noyabr - Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə Avstraliyanın Melburn şəhərinin mərkəzində yerləşən Federasiya meydanında Azərbaycan Respublikasının Dövlət bayrağının qaldırılması mərasimi təşkil edilib.
Azərbaycanın Avstraliyadakı səfirliyinin təşəbbüsü, eləcə də Viktoriya-Azərbaycan Mədəniyyət Assosiasiyası və Melburndakı Azərbaycan icmasının təşkilatçılığı ilə keçirilən tədbirdə burada yaşayan həmvətənlərimiz, həmçinin təhsil alan azərbaycanlı tələbələr və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin sədaları altında bayrağımızın Federasiya meydanında ucaldılması ilə başlayıb. Ümumilikdə həmin gün şəhərin mərkəzi meydanında dörd Azərbaycan bayrağı ucaldılıb ki, bu bayraqlar da gün ərzində Avstraliyanın dövlət bayraqları ilə bərabər dalğalanıb.
Qeyd edək ki, paytaxtı Melburn şəhəri olan Viktoriya ştatında xeyli sayda soydaşımız yaşayır. Belə ki, Melburnda “Viktoriya-Azərbaycan Mədəniyyət Assosiasiyası” diaspor təşkilatı, eləcə də “Azərbaycan Evi” fəaliyyət göstərir. Viktoriyada yaşayan Azərbaycan icması tariximizin, mədəniyyətimizin və incəsənətimizin Avstraliyada təbliğinə xüsusi töhfələr verir.