Basklar ölkəsi Azərbaycan diasporu ilə əməkdaşlıqda maraqlıdır

İspaniya-Azərbaycan Ticarət və Mədəniyyət Assosiasiyasının prezidenti Fərid Mustafayev ölkənin şimalında yerləşən muxtar ərazi - Basklar ölkəsinin xarici işlər naziri Koldo Arxutegi Ajuria, turizm və mədəniyyət naziri Asier Alea ile görüşüb. Görüşdə nazirlərə İspaniyadakı Azərbaycan icması, Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti və xüsusilə son 6 ayda həyata keçirilən işlər haqqında ətraflı məlumat verilib, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib.
İspaniyadakı icma rəhbərləri, eyni zamanda, iş adamları ilə görüşlərin keçirilməsini təqdir edən Basklar ölkəsinin nazirləri Azərbaycan diasporu ilə sıx əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər. Muxtariyyətin xarici işlər naziri Koldo Arxutegi Ajuria deyib ki, belə görüşlər Azərbaycan-İspaniya əlaqələrinin inkişafında böyük rol oynayır.
Qeyd edək ki, yerli dövlət qurumları ilə sıx əməkdaşlıq edən İspaniya-Azərbaycan Ticarət və Mədəniyyət Assosiasiyası vaxtaşırı görüşlər keçirərək Azərbaycan həqiqətlərini təbliğ edir, onları ölkəmizin inkişafı haqqında məlumatlandırır.
Aparılan intensiv görüşlərin nəticəsi olaraq Basklar ölkəsi tərəfindən iqtisadiyyat, idman və turizmlə bağlı birgə layihələrin həyata keçirilməsinə dair bir sıra təkliflər irəli sürülüb. Hazırda həmin təkliflər üzrə Azərbaycanla əməkdaşlıq perspektivləri müzakirə olunur.