Qazaxıstanda Yeni il xeyriyyə tədbiri keçirilib

24 Dekabr, 2019

Qazaxıstanın Cambul vilayətinin Çu şəhərində və Almatı şəhərinin Jetısu rayonunda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbirləri keçirilib.
Çu şəhərindəki Mədəniyyət Evində baş tutan bayram şənliyini “Qazaxıstan Azərbaycanlıları Assosiasiyası” ictimai birliyinin Cambul vilayətindəki filialı, Jetısu rayonunda gerçəkləşdirilən tədbiri isə Assosiasiya ilə Almatı Akimatı (şəhər administrasiyası) birgə təşkil edib.
Bayram şənliklərində azərbaycanlı icmanın üzvləri, Qazaxıstan Xalqı Assambleyasının (QXA), yerli dövlət orqanlarının, ictimaiyyətin nümayəndələri və müxtəlif etnoslara məxsus mədəniyyət mərkəzlərinin rəhbərləri iştirak ediblər.
Tədbirlər zamanı Azərbaycan xalq mahnıları və rəqsləri təqdim olunub, nağıl qəhrəmanlarının obrazları canlandırılıb, milli mətbəx nümunələri nümayiş etdirilib. Şaxta baba və Qar qızın tədbirlərdə iştirakı isə əsl yeni il şənliyi ovqatı yaradıb.
Şənliklər uşaqlara, aztəminatlı ailələrə və qonaqlara bayram hədiyyələrinin, Assosiasiyanın üzvlərinə və ictimaiyyətin fəal nümayəndələrinə təşəkkürnamələrin və fəxri fərmanların verilməsi ilə yekunlaşıb.