11 yaşlı soydaşımız gənclər arasında dünya çempionu olub

18.08.2022

Kanadada yaşayan 11 yaşlı soydaşımız Hüseyn Əsgərzadə “WBC Muay Thai” versiyası üzrə gənclər arasında keçirilən dünya çempionatının qalibi olub.

Kalqari şəhərində baş tutan yarışda rəqibləri üzərində üstünlük qazanan yeniyetmə soydaşımız qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Hüseyn Əsgərzadə ailəsi ilə birlikdə 2021-ci ildə Kanadaya köçüb. Bakıda 2 il idmanın kikboksinq növü ilə məşğul olub və respublika yarışlarının qalibi olub. Kanadaya köçəndən sonra atası onu “Muay Thai” idman növünə yönəldib. Son bir il ərzində Hüseyn əla nəticələrə nail olub. O, gənclər arasında “Muay Thai” üzrə ikiqat Kanada çempionudur. İndi isə dünya çempionu titulunu qazanıb.

Diasporla İş üzrə Dövlət Komitəsi gənclər arasında dünya çempionu olması münasibətilə yeniyetməmizi və valideynlərini təbrik edir, ona gələcək yarışlarda parlaq və davamlı qələbələr qazanmasını arzulayır.